Bakı.Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanla “yaşıl” enerji qovşağının yaradılması istiqamətində əməkdaşlıq üçün real potensial görür.
Bu barədə AİİB-nin vitse-prezidenti və korporativ katibi Şerard Kauper-Koulz Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Kauper-Koulzun sözlərinə görə, “yaşıl” infrastruktur bankın əlaqəliliyin inkişafı, texnologiyayönümlü infrastrukturun təşviqi və özəl kapitalın səfərbər edilməsi ilə yanaşı əsas tematik prioritetlərindəndir.
“Bu o deməkdir ki, 2023-cü ilin iyul ayından etibarən hər bir yeni əməliyyat Paris Sazişinə uyğun olmalıdır. Biz həmçinin 2025-ci ilədək iqlim maliyyələşməsinin təsdiqlənmiş bütün layihələrin yarısını təşkil etməsini öhdəmizə götürmüşdük və bu göstəricini əhəmiyyətli dərəcədə üstələmişik. Hazırda iqlim maliyyələşdirilməsi təsdiqlənmiş maliyyələşdirmənin ümumi həcminin 71 faizini təşkil edir”, – deyə o bildirib.
AİİB-nin vitse-prezidenti qeyd edib ki, bank Azərbaycanın regional “yaşıl” enerji qovşağına çevrilmək istəyini dəstəkləyir, çünki bu, təşkilatın məqsədlərinə tam uyğundur.
“Azərbaycanda bunun ən bariz nümunəsi Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda həyata keçirilən günəş enerjisi layihələridir. Ümumi gücü 760 meqavat olan iki elektrik stansiyasını əhatə edən bu layihə üzrə sazişi biz 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində imzaladıq. Ayırdığımız 160 milyon ABŞ dolları AİİB-nin ölkədə özəl sektora təqdim etdiyi ilk maliyyələşdirmə oldu. Biz layihə tərtibatçısı qismində “Masdar”, yerli tərəfdaş kimi “SOCAR Green”, həmçinin Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə maliyyələşdirən qurumlar kimi əməkdaşlıq etdik. Layihələr emissiyaların azaldılması üzrə iqlim maliyyələşdirilməsi kateqoriyasına tam uyğundur və gözlənildiyi kimi, hər il təxminən 757 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verir”, – deyə o vurğulayıb.
Kauper-Koulz əlavə edib ki, AİİB Azərbaycanla birlikdə daha mürəkkəb bir vəzifə – Xəzər “yaşıl” enerji dəhlizi çərçivəsində sərhədlərarası “təmiz” elektrik enerjisinin ötürülməsi üzərində də çalışır.
“2025-ci ilin aprel ayında biz Asiya İnkişaf Bankı və Azərbaycan, Qazaxıstan, Özbəkistan hökumətləri ilə sərhədlərarası elektrik enerjisi ticarəti üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair memorandum imzaladıq. Bu layihə təkcə enerji istehsalı və ötürülməsini deyil, həm də “yaşıl” elektrik enerjisi bazarının yaradılmasını – faktiki olaraq tamhüquqlu “yaşıl” enerji qovşağının formalaşdırılmasını nəzərdə tutur. Məhz bu istiqamətdə biz Azərbaycanla əməkdaşlıq üçün real potensial görürük”, – deyə o bildirib.
Standartlar və tərəfdaşlıqlar vasitəsilə investisiyaların səfərbər edilməsi
Kauper-Koulz qeyd edib ki, maliyyələşdirmə ilə yanaşı, AİİB digər investorlar və tərəfdaşlar üçün etimad və intizam mühiti də formalaşdırır.
“Maliyyələşdirdiyimiz hər bir layihə Ekoloji və Sosial Çərçivə Proqramımıza uyğun hazırlanır və həyata keçirilir, satınalmalar beynəlxalq qaydalara əsasən aparılır, layihədən təsirlənən icmalar isə Layihədən Təsirlənən Şəxslər üçün Mexanizm vasitəsilə müstəqil şikayət təqdim etmək imkanına malikdir. Bu təminatlar hər bir layihənin bank baxımından maliyyələşdirilə bilən və digər tərəfdaşlar, eləcə də kreditorlar üçün cəlbedici olmasına kömək edir.
Bunun yaxşı nümunəsi qeyd etdiyim Bankə və Biləsuvar günəş enerjisi layihələridir. Bizim iştirakımız və AAA kredit reytinqimiz Asiya İnkişaf Bankı ilə AYİB-in birgə maliyyələşdirən qurumlar kimi cəlb olunmasına, həmçinin “Masdar” tərəfindən təmsil olunan özəl kapitalın uzunmüddətli investisiyalar üçün inam qazanmasına şərait yaratdı.
Səfərbəredici təsir də məhz bundan ibarətdir: ayırdığımız 160 milyon ABŞ dolları nominal dəyərindən daha geniş təsir göstərərək əlavə kapital cəlb edir, onu əvəz etmir. Maliyyələşdirilməsi uzunmüddətli olan və risklərin yüksək qaldığı iri və mürəkkəb infrastruktur layihələri üçün belə katalizator rolu çox vaxt layihənin reallaşması ilə yalnız kağız üzərində qalması arasında həlledici amilə çevrilir”, – deyə o əlavə edib.
Əlaqəlilik və Azərbaycanın strateji tərəfdaş kimi rolu
Vitse-prezident bildirib ki, əlaqəliliyin və regional əməkdaşlığın inkişafı AİİB-nin mandatının ayrılmaz tərkib hissəsidir.
“Biz buna geniş mənada yanaşırıq. Dəmir yolunun yenidən qurulmasına və ya genişləndirilməsinə, limanın modernləşdirilməsinə və ya sərhəd-keçid məntəqəsinin tikintisinə dəstək vermək bizim üçün ticarətin və insanların hərəkətinin yaxşılaşdırılması və genişləndirilməsi deməkdir ki, bu da regionları bir-birinə daha da yaxınlaşdırır. Asiya ilə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən Orta Dəhliz bu gün diqqət mərkəzindədir və Azərbaycan burada əsas mövqeyə malikdir”, – deyə o bildirib.
Kauper-Koulzun fikrincə, Azərbaycanın unikallığı onun coğrafi mövqeyi ilə strateji məqsədlərinin vəhdətindədir.
“Ölkə öz limanlarına, avtomobil yollarına və dəmir yollarına investisiya yatırıb və regionda hansı rolu oynamaq istədiyini aydın şəkildə müəyyənləşdirib. Prezident İlham Əliyev birgə bəyannamənin imzalanması mərasimində iştirak edərkən Orta Dəhlizi, onun dəmir yollarını, avtomobil yollarını və limanlarını, həmçinin metro, su təchizatı və sanitariya infrastrukturu, bərpa olunan enerji və rəqəmsallaşmanı xüsusi olaraq qeyd etdi.
Bəyannamənin ikinci istiqaməti – Azərbaycanın ticarət-logistika dəhlizi rolunu möhkəmləndirəcək yeni nəqliyyat, enerji və rəqəmsal infrastruktur nəslinin yaradılması – bu yanaşmanı tam əks etdirir. Əlaqəliliyin inkişafını əsas vəzifə hesab edən bank üçün özü təbii əlaqələndirici rolunu oynayan üzv dövlət həm də təbii bir tərəfdaşa çevrilir”, – deyə o əlavə edib.
Uzunmüddətli əməkdaşlıq üçün proqram əsası
“Azərbaycanla əməkdaşlığımızın ilk onilliyinin böyük hissəsi ayrı-ayrı layihələr prinsipi əsasında qurulmuşdu. Ötən il Tyançzində imzaladığımız birgə bəyannamə bu əməkdaşlığı proqram əsasına keçirir və bunun arxasında aydın idarəetmə məntiqi dayanır. Bu sənəd dəstəyimizi ölkənin uzunmüddətli planları, xüsusilə də Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetləri ilə əlaqələndirir, ayrı-ayrı layihələrlə yox”, – deyə Kauper-Koulz bildirib.
Vitse-prezident qeyd edib ki, bəyannamə üç əsas istiqaməti əhatə edir: karbonsuzlaşdırma və milli iqlim məqsədlərinə nail olunmasını dəstəkləyən iqlim-dayanıqlı infrastruktur, nəqliyyat, energetika və rəqəmsallaşma sahələrində yeni nəsil infrastruktur, eləcə də yeni maliyyə modelləri və daha güclü dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl investisiyaların səfərbər edilməsi.
“Bu format ayrı-ayrı layihələrin sadə siyahısından daha artıq imkanlar yaradır. İlk növbədə, hökumətə və Banka bir neçə il qabaqcadan hesablanmış birgə planlaşdırma aparmağa imkan verən proqnozlaşdırıla bilənlik təmin olunur. Eyni ekoloji, sosial və satınalma standartlarının bütün proqram üzrə tətbiqi vahid yanaşmanı təmin edir. Eyni zamanda, irəliləyiş vahid məqsədlər sistemi üzrə qiymətləndirildiyi və bu prosesdə Azərbaycanın da təmsil olunduğu Direktorlar Şurası tərəfindən nəzarət oluna bildiyi üçün hesabatlılıq artır. Başqa sözlə, bu, üzv dövlətlə Bank arasında tərəfdaşlığımızın nə qədər irəli getdiyini göstərən daha yetkin əməkdaşlıq modelidir”, – deyə o izah edib.
AİİB ilə Azərbaycanın tərəfdaşlığının onilliyi
Kauper-Koulz bildirib ki, hazırda AİİB 111 təsdiqlənmiş üzvü birləşdirir, 100 milyard ABŞ dolları nizamnamə kapitalına malikdir və üç aparıcı beynəlxalq reytinq agentliyindən AAA kredit reytinqi alıb. Azərbaycan isə ilk günlərdən bu tarixin bir hissəsidir.
“Azərbaycan - bankın təsisçisi olan 57 dövlətdən biridir və 2016-cı ildə fəaliyyətə başladığımız gündən etibarən həm səhmdar, həm də tərəfdaş olaraq qalır. Bunun sayəsində ölkə AİİB-nin idarəetmə sistemində mühüm söz sahibidir və bizim birgə inkişafımız fonunda bankın strateji kursunun və prioritetlərinin formalaşdırılmasında iştirak edir”, – deyə vitse-prezident bildirib.
O xatırladıb ki, AİİB-nin Azərbaycandakı ilk investisiyası 2016-cı ildə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə ayrılmış 600 milyon ABŞ dolları məbləğində kredit olub.
“O vaxtdan bəri əməkdaşlığımız enerji sektorunun hüdudlarını çoxdan aşaraq nəqliyyat infrastrukturunu, son dövrlərdə isə özəl sektorun iştirakı ilə bərpa olunan enerji layihələrini də əhatə edib. Ötən ilin sentyabrında Tyançzində Bank və Azərbaycan hökuməti Prezident İlham Əliyevin və o vaxtkı AİİB prezidenti Cin Liçünün iştirakı ilə strateji əməkdaşlığa dair birgə bəyannamə imzalayıb. Bu, hazırda hansı mərhələdə olduğumuzun ən aydın göstəricisidir: arxada konkret layihələr üzrə onillik ardıcıl əməkdaşlıq, qarşıda isə tərəfdaşlığı daha da genişləndirmək və strateji səviyyəyə yüksəltmək niyyəti dayanır”, – deyə Kauper-Koulz əlavə edib.
