Bakı. Trend:
Tom Kruz, Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams və IShowSpeed mərasimdə çıxış edəcəklər.
2026-cı il FIFA Dünya Çempionatı™ iyulun 19-da ABŞ-ın New York New Jersey Stadium arenasında keçiriləcək möhtəşəm bağlanış mərasimi ilə başa çatacaq. Mərasim yerli vaxtla saat 13:30-da, final oyunundan 90 dəqiqə əvvəl başlayacaq.
Dünyanın ən böyük idman tədbiri başa çatarkən təşkil olunacaq bağlanış mərasimi turnirdə iştirak edən 48 komandanın ABŞ, Kanada və Meksikanı əhatə edən 16 ev sahibi şəhərdə keçdiyi unudulmaz yolu qeyd edəcək.
Mərasimdə dünya şöhrətli ifaçılar Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams və IShowSpeed çıxış edəcək. Bundan əlavə, məşhur Hollivud aktyoru Tom Kruz xüsusi qonaq qismində tədbirdə iştirak edəcək.
FIFA Dünya Çempionatı 2026™-nın final oyunu başlamazdan əvvəl "Emmy", "Grammy", "Oscar" və "Tony" mükafatlarının sahibi olan amerikalı müğənni Cennifer Hadson ABŞ-ın dövlət himnini səsləndirəcək.
Bağlanış mərasimi Balich Wonder Studio ilə yaradıcı əməkdaşlıq çərçivəsində hazırlanıb. Şou futbolun qlobal ruhunu, ehtirasını və emosiyalarını əks etdirəcək, həmçinin rekordlarla yadda qalan və bütün dünyada yeni nəslə ilham verən 23-cü FIFA Dünya Çempionatını simvolik şəkildə yekunlaşdıracaq. Yaxın günlərdə mərasimdə iştirak edəcək digər sənətçilər və xüsusi qonaqlar da açıqlanacaq.
FIFA Dünya Çempionatı 2026-nın əməliyyat direktoru Heymo Şirqi bildirib:
"Kanada, Meksika və ABŞ-da keçirilən açılış mərasimlərinin ruhunu davam etdirən bağlanış mərasimi musiqi, mədəniyyət və futbol vasitəsilə Dünya Çempionatını möhtəşəm şəkildə yekunlaşdıracaq. Bundan sonra isə bu tarixi turnirin çempionunu müəyyən edəcək çoxdan gözlənilən final oyunu başlayacaq."
Tamaşaçıların da şounun bir hissəsi olacağı bildirilib. Azarkeşlərə stadiona erkən gəlmək tövsiyə olunur. Stadionun qapıları yerli vaxtla saat 11:00-da, yəni oyunun başlanmasına dörd saat qalmış açılacaq. Bu müddət ərzində müxtəlif əyləncə proqramları, xüsusi tədbirlər, hədiyyələr və final öncəsi şoular təşkil olunacaq.