Bakı. Trend:
İraqın baş naziri Əli əz-Zaidi bildirib ki, ABŞ qoşunları sentyabrın sonunadək ölkədən tamamilə çıxarılacaq.
O, bu açıqlamanı çərşənbə axşamı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı verib.
Baş nazir qeyd edib ki, ABŞ şirkətləri İraqa daxil olacaq və iki ölkə arasında münasibətlər hərbi tərəfdaşlıqdan iqtisadi əməkdaşlığa keçəcək.
Donald Tramp isə bildirib ki, ABŞ hərbi qüvvələrinə artıq İraqda ehtiyac yoxdur. Onun sözlərinə görə, Amerika neft şirkətləri artıq ölkədə fəaliyyət göstərir və yerli tərəfdaşlıqlar qurublar.
Tramp ABŞ şirkətlərinin İraqda neft sektorundakı fəaliyyətini daha da genişləndirəcəyinə ümid etdiyini ifadə edib.
ABŞ qoşunları 2003-cü ildə ölkəyə müdaxilədən sonra İraqda yerləşdirilmişdi. Daha sonra onlar tamamilə ölkədən çıxarılsalar da, "İslam Dövləti" terror təşkilatının güclənməsinə cavab olaraq yenidən İraqa qayıtmışdılar.
ABŞ 2021-ci ildə İraqdakı döyüş missiyasının rəsmi şəkildə başa çatdığını elan edib.
ABŞ qüvvələri İraqda İranla əlaqəli silahlı qruplara qarşı mübarizədə mühüm rol oynadığından, onların ölkədən çıxarılmasının İraqda və ətraf regionda təhlükəsizlik vəziyyətinə təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar artır.