Bakı.Trend:
Cənubi Koreyadan olan alimlər kiçik qan nümunəsi əsasında qaraciyərin erkən fibrozunu aşkarlamağa imkan verən yüksək həssaslıqlı yeni biosensor hazırlayıblar.
Tədqiqatın nəticələri “Chemical Engineering Journal” (CEJ) jurnalında dərc olunub.
Qaraciyər fibrozu tədricən inkişaf edir və uzun müddət heç bir əlamət vermir. Bununla belə, xəstəlik erkən mərhələdə aşkar edilərsə, müalicə və həyat tərzinin dəyişdirilməsi sayəsində onun inkişafını dayandırmaq, hətta geriyə çevirmək mümkündür. Hazırda isə diaqnozun təsdiqlənməsi üçün çox vaxt qaraciyər toxumasından nümunə götürülməsini nəzərdə tutan ağrılı biopsiya proseduru və ya bahalı görüntüləmə üsulları tələb olunur.
Yeni sistem qanda qaraciyərdə çapıq toxumasının əmələ gəlməsinin biomarkeri olan PICP zülalını müəyyən edir. Bunun üçün tədqiqatçılar qızıl nanohissəciklərlə örtülmüş karbon elektroddan və həmin zülala qarşı anticisimlərdən istifadə ediblər. PICP anticisimlərlə birləşdikdə sensorun səthinin elektrik xüsusiyyətləri dəyişir ki, bu da nümunənin mürəkkəb emalına ehtiyac olmadan zülalın konsentrasiyasını müəyyən etməyə imkan verir.
