Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,99 ABŞ dolları və ya 2,29 faiz artaraq bir barel üçün 88,82 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,78 dollar və ya 2,14 faiz bahalaşaraq 84,96 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,96 dollar və ya 1,88 faiz artaraq bir barel üçün 52,14 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,66 dollar və ya 0,8 faiz artaraq bir barel üçün 82,88 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
“Trading Economic”in məlumatına əsasən, “Brent” markalı neftin qiyməti cümə günü bir barel üçün 85 ABŞ dollarına yaxınlaşıb və bildirilib ki, ABŞ ilə İran arasında gərginliyin artması fonunda Yaxın Şərqdə tədarükün pozulacağı ilə bağlı narahatlıqlar səbəbindən həftə ərzində təxminən 12 faiz bahalaşmağa doğru irəliləyib.
“ABŞ bu həftə İrana qarşı bir neçə zərbə endirib və məlumatlara görə, İran limanlarına blokada yenidən tətbiq edildikdən sonra ilk dəfə ölkənin əsas ixrac terminalı yaxınlığında neft tankerini vurub.
ABŞ Prezidenti Donald Tramp da diplomatik səylər nəticə verməyəcəyi təqdirdə, gələn həftə Vaşinqtonun İranın infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib. Bu arada, məlumatlara görə, Tehran İranın enerji infrastrukturu hücuma məruz qalacağı halda, Yəməndəki husi üsyançılarına Səudiyyə Ərəbistanının Qırmızı dəniz vasitəsilə neft ixracı üçün mühüm marşrut olan Bab əl-Məndəb boğazını bağlamaq göstərişi verib. Gərginliyin son eskalasiyasından sonra Hörmüz boğazından keçən gəmi hərəkəti kəskin azalsa da, bəzi gəmilər hələ də bu su yolundan tranzit keçidini davam etdirirlər”, - məlumatda qeyd edilib.
