Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Dünya Bankının ekspert heyəti ilə görüş keçirilib.
Bu barədə QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi də iştirak edib.
Görüş zamanı Xəzər dənizində həyata keçirilməsi nəzərdə tutulan külək enerjisi layihələrinin icrası çərçivəsində yarana biləcək gəmi xidmətlərinə dair ehtiyaclar müzakirə olunub. Bu çərçivədə ASCO-nun ixtisaslaşmış donanmasının imkanları, layihələrin müxtəlif mərhələlərində istifadə oluna biləcək gəmi tipləri, eləcə də dənizdə tikinti və quraşdırma işlərinin logistik təminatı məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər potensial əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb.
Daha sonra qonaqlar “Üç əsrin şahidi” muzeyini ziyarət edərək, burada Azərbaycanda dənizçiliyin inkişaf tarixini əks etdirən eksponatlar və sənədlərlə tanış olublar.
