Bakı.Trend:
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Hesab edirəm ki, səfər siyasi dialoqun daha da dərinləşməsinə,
iqtisadi-ticari əlaqələrin genişlənməsinə, enerji, nəqliyyat,
investisiya, sənaye və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığın inkişafına yeni impuls verəcək. Bu baxımdan səfər iki
ölkə arasında münasibətlərin perspektivləri üçün olduqca mühüm
əhəmiyyət kəsb edir.
Səfərin ən diqqətçəkən məqamlarından biri Slovakiya Prezidentinin
işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfəri
oldu. Bu səfər təkcə protokol xarakteri daşımır, həm də mühüm
siyasi və rəmzi məna ifadə edir. Avropa İttifaqına üzv olan bir
dövlətin Prezidentinin Qarabağa səfər etməsi, Prezident İlham
Əliyevlə birlikdə məhz Şuşada mətbuata bəyanatla çıxış etməsi
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərilən hörmətin
növbəti təzahürüdür”.
Deputat qeyd edib ki, bu gün Qarabağ beynəlxalq görüşlərin və yüksəksəviyyəli diplomatik təmasların keçirildiyi məkana çevrilib:
“Bu isə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, eləcə də Azərbaycanın yaratdığı yeni regional reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Vaxtilə işğal altında olmuş torpaqlarımızda xarici dövlət başçılarının səfərlərinin təşkili, burada mühüm siyasi mesajların verilməsi Azərbaycanın qazandığı tarixi Zəfərin diplomatik müstəvidə də öz təsdiqini tapdığını nümayiş etdirir.
Eyni zamanda, Şuşada keçirilən görüş zamanı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, xüsusilə Qarabağın bərpası və yenidən qurulması prosesində Slovakiya şirkətlərinin iştirak perspektivlərinin müzakirə olunması da xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə beynəlxalq marağın artdığını və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir.
Şübhəsiz ki, Slovakiya Prezidentinin Azərbaycana və Qarabağa səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı beynəlxalq dəstəyin daha da möhkəmlənməsi baxımından yadda qalan mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir”.
