Bakı. Trend:
Bazarlarda etiketsiz satılan bütün ağartı məhsulları etiketlənəcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əli Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:
"Dövlət hesabına, AQTA tərəfindən bazarlarda əvvəllər etiketsiz satılan bütün ağartı məhsulların etiketlənməsi həyata keçirilir. Artıq "Yaşıl bazar"da etiketləmə başlayıb. Yaxın zamanda digər bazarları da əhatə edəcək".
Həmçinin mətbuat konfransında bildirilib ki, fəaliyyət göstərən 79
ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17
bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən
aradan qaldırılıb. İlin sonunadək bütün bazarlara tələblərə tam
uyğunlaşmaq üçün vaxt verilib. AQTA-nın sədr müavini Əli Nəbiyev
küçə ticarətinə qarşı ciddi tədbirlərin görüləcəyini diqqətə
çatdırıb. Əlavə olaraq vurğulayıb ki, ailə təsərrüfatlarında
hazırlanan qidalara effektiv nəzarətin təşkili və bazarlarda
satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi
qablaşdırma materialları və etiketlərin formaları hazırlanaraq
bazarlara təqdim edilib.
