Dini mövzuların işıqlandırılması jurnalistlərdən xüsusi məsuliyyət tələb edir - Vüqar Zifəroğlu

Cəmiyyət Materials 16 İyul 2026 19:07 (UTC +04:00)
Dini mövzuların işıqlandırılması jurnalistlərdən xüsusi məsuliyyət tələb edir - Vüqar Zifəroğlu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Qusar. Trend:

Dini mövzuların işıqlandırılması jurnalistlərdən xüsusi həssaslıq və yüksək məsuliyyət tələb edir.

Trend-in Qusara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda baş tutan konfransda “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı II panel sessiyasında moderator kimi çıxışı zamanı deyib.

O bildirib ki, dini mövzu Azərbaycan cəmiyyəti üçün həssas məsələdir və ölkənin milli-mənəvi dəyərlər sistemində mühüm yer tutur.

“Dini mövzu bizim hər birimiz üçün həssas mövzudur. Çünki din Azərbaycan mənəvi dəyərlər sistemində olduqca ciddi özülə malikdir. Üçrəngli bayrağımızın yaşıl rəngi dinimizlə bağlıdır. Yəni milli ideologiyamızın üç əsas sütunundan biri dinimizdir. Bu baxımdan Azərbaycanda elə bir insan olmaz ki, dini məsələlərə həssas yanaşmasın”, – deyə o vurğulayıb.

V.Zifəroğlu qeyd edib ki, bu həssaslıq jurnalistlərin cəmiyyət qarşısındakı məsuliyyətini daha da artırır.

“Jurnalistlər onsuz da cəmiyyət qarşısında sosial məsuliyyət daşıyırlar və peşə fəaliyyətlərini bu məsuliyyət hissi ilə həyata keçirməlidirlər. Ancaq bəzi mövzular var ki, onlarda xüsusilə ehtiyatlı və həssas davranmaq lazımdır. Çünki biz ailələrə, insanlara müraciət edirik. Bizim əsas funksiyamız cəmiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Dini mövzuların işıqlandırılmasında da medianın öz missiyası olmalıdır”, – deyə o əlavə edib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı bildirib ki, Azərbaycan mətbuatı yaranandan bəri dini mövzulara məsuliyyətli yanaşma nümayiş etdirib.

“Peşə bayramımızın əsasını qoyan ‘Əkinçi’ qəzetindən başlayaraq mətbuat orqanlarımız dini mövzuların işıqlandırılmasında həmişə həssas və maarifləndirici mövqe sərgiləyiblər. Bu ənənəni bu gün də qoruyub saxlaya bilirikmi? Bu ayrıca müzakirə mövzusudur və panel çərçivəsində bu məsələlər ətrafında fikir mübadiləsi aparacağıq”, – deyə V.Zifəroğlu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti