Bakı.Trend:
ABŞ-nin Müharibə naziri Pit Heqset gecə saatlarında həyata keçirilən bir sıra zərbələrdən sonra İranın Oman körfəzi sahilində yerləşən Çabahar limanındakı qüllənin zərbədən çökdüyünü əks etdirən görüntünü “X” sosial şəbəkəsində paylaşıb.
Pentaqon rəhbərindən əvvəl həmin fotoşəkil İran hökumətinə qarşı olan fəalların sosial şəbəkə hesablarında dövriyyə edib.
İranın Hindistanın dəstəyi ilə idarə etdiyi Çabahar limanı dəfələrlə ABŞ-ın hava zərbələrinin hədəfi olub. İran dövlət mediası obyektə üçüncü dəfə zərbə endirildiyini təsdiqləsə də, qüllənin çökməsi barədə iddiaları şərh etməyib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
