Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər nəticəsində həm arıqlama məhsullarında insan sağlamlığı üçün təhlükəli maddələr, həm də energetik içki olmayan məhsulların istehlakçıları çaşdıran şəkildə təqdim edildiyi müəyyən olunub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Agentliyin 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Agentliyin nəzarət tədbirləri zamanı sosial şəbəkələrdə və müxtəlif satış məntəqələrində qanunsuz satılan bioloji aktiv qida məhsulları, idmançı qidaları və xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər məhsullardan nümunələr götürülərək laborator müayinələr aparılıb. Müayinə olunan bütün arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkarlanıb.
Validə Sadıxova bildirib ki, ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən sibutraminin dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilib. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarında bəyan edilməyən sildenafil maddəsi də müəyyən olunub. Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə istifadə etməməyi tövsiyə edir.
Şöbə müdiri, həmçinin qeyd edib ki, energetik içkilərlə bağlı aparılan istehlakçı sorğusu respondentlərin 72 faizinin energetik içki olmayan məhsulları qablaşdırma və marketinq elementlərinə əsasən energetik içki hesab etdiyini göstərib.
Bununla əlaqədar bazarda aparılan monitorinq zamanı ölkəyə idxal olunan bütün energetik içkilər, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülərək etiket məlumatları və laborator nəticələr təhlil edilib. Araşdırma nəticəsində müəyyən olunub ki, energetik içki olmadığı halda yerli məhsulların 50 faizindən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji və yüksək performansı ifadə edən söz, emblemlər və digər vizual elementlərdən istifadə olunur.
Validə Sadıxovanın sözlərinə görə, monitorinqin nəticələri istehlakçı sorğusunun nəticələrini təsdiqləyib. Bununla bağlı sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri izah olunub, eyni zamanda müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilərək birgə tədbirlərin görülməsi təklif edilib.
O vurğulayıb ki, Agentliyin məqsədi hər hansı istehsalçı və ya məhsulu hədəfə almaq deyil, istehlakçının seçim prosesinin marketinq təsiri ilə deyil, düzgün və etibarlı məlumat əsasında formalaşmasını təmin etməkdir. AQTA xatırladıb ki, "Qida təhlükəsizliyi haqqında" qanunun 17.2.3-cü maddəsinə əsasən, qida məhsullarının etiketlənməsi, qablaşdırılması və təqdimatı istehlakçıda məhsul barədə yanlış təsəvvür yaratmamalıdır.
