Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Polygraf AI” startapı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlığın əsas məqsədi Azərbaycanın innovasiya və rəqəmsal inkişaf ekosisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının təhlükəsiz və məsuliyyətli tətbiqinin təşviqi, yerli istedadların inkişaf etdirilməsi, həmçinin qlobal bazarlarda rəqabət aparmaq potensialına malik texnologiya şirkətlərinin formalaşmasına dəstək göstərilməsidir. Əməkdaşlıq Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının məqsəd və prioritetlərinə, habelə Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planına uyğun olaraq həyata keçiriləcək.
Memorandum çərçivəsində Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionlarına xidmət göstərəcək regional Mükəmməllik Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzin mühəndislik, məhsul hazırlanması və texnoloji həllərin tətbiqi üzrə regional platforma kimi fəaliyyət göstərməsi, daha sonra isə texnologiya, mühəndislik və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış yerli komandanın formalaşdırılması planlaşdırılır.
Uzunmüddətli tərəfdaşlıq Azərbaycanın rəqəmsal transformasiya gündəliyinə dəstək göstərməyi, “Polygraf AI”ın texnologiya və təcrübəsinin milli innovasiya ekosisteminin gücləndirilməsində tətbiqi imkanlarını araşdırmağı, eləcə də Azərbaycanın məsuliyyətli süni intellekt üzrə regional mərkəz kimi mövqeyinin möhkəmləndirilməsini əhatə edir.
Əməkdaşlıq çərçivəsində süni intellekt, maşın öyrənməsi,
məlumatların məxfiliyi, kibertəhlükəsizlik və süni intellektin
idarə olunması sahələrində yerli insan kapitalının inkişafına
xüsusi diqqət yetiriləcək. Bu istiqamətdə texnoparklar, ali təhsil
müəssisələri və Azərbaycan İnnovasiya Mərkəzi ilə əməkdaşlıq
əsasında təlim proqramlarının, vörkşopların, masterklasların,
mentorluq və təcrübə proqramlarının, eləcə də bilik və təcrübə
mübadiləsi təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Polygraf AI azərbaycanlı sahibkar Yaqub Rəhimov
tərəfindən təsis edilmiş süni intellekt təhlükəsizliyi sahəsində
fəaliyyət göstərən beynəlxalq startapdır. Şirkət dövlət qurumlarına
və biznes subyektlərinə süni intellektdən təhlükəsiz istifadə
etməyə, məxfi məlumatların qorunmasına, kibertəhdidlərin qarşısının
alınmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə
imkan verən texnologiyalar hazırlayır.
Hazırda Polygraf AI həlləri dünyanın müxtəlif ölkələrində dövlət,
maliyyə və korporativ sektorlarda tətbiq olunur. Şirkət Fortune 500
siyahısına daxil olan korporasiyalar da daxil olmaqla beynəlxalq
texnologiya tərəfdaşları və təşkilatlarla əməkdaşlıq edir. Onun
hazırladığı texnoloji həllər Gartner, IDC, Omdia və Frost &
Sullivan kimi aparıcı beynəlxalq analitik şirkətlər tərəfindən
tanınıb.
Son illərdə startap bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin
qalibi olub, milyonlarla dollar həcmində investisiya cəlb edib və
süni intellekt təhlükəsizliyi sahəsində ən perspektivli
şirkətlərdən biri kimi qiymətləndirilir.
İRİA ilə Polygraf AI arasında Anlaşma Memorandumu həmçinin Azərbaycanın startap və texnologiya ekosisteminin inkişafının dəstəklənməsini, texnopark rezidentləri, startaplar və innovatorlarla əməkdaşlığın genişləndirilməsini, tətbiqi süni intellekt və dərin texnologiyalar sahəsində sahibkarlıq ətrafında yerli icmanın formalaşdırılmasını ehtiva edir.
Tərəflər süni intellekt, süni intellekt təhlükəsizliyi və idarəçiliyi, məlumatların məxfiliyi, saxta və sintetik məzmunun aşkarlanması, eləcə də digər yeni texnologiyalar üzrə birgə fəaliyyət imkanlarını araşdıracaqlar. Bu fəaliyyətə Azərbaycanın dövlət və özəl sektorunun ehtiyaclarına uyğun pilot layihələrin, konsepsiyanın təsdiqi layihələrinin və tətbiqi tədqiqatların həyata keçirilməsi daxildir.
Əməkdaşlığın digər istiqaməti Azərbaycan texnologiya diasporunun təcrübə və beynəlxalq əlaqələrindən istifadə etməklə ölkənin innovasiya ekosistemi ilə dünyanın aparıcı innovasiya mərkəzləri arasında əlaqələrin gücləndirilməsidir. Bu çərçivədə mentorluq, investisiyaların cəlb edilməsi, qabaqcıl bilik və təcrübənin Azərbaycana ötürülməsi üçün yeni imkanların yaradılması nəzərdə tutulur.
Memoranduma əsasən, İRİA tərəfindən hazırlanmış və ya koordinasiya olunan rəqəmsal məhsul və xidmətlərin beynəlxalq bazarlarda təşviqi və kommersiyalaşdırılması istiqamətində də əməkdaşlıq ediləcək. “Polygraf AI” və İRİA-nın strateji əməkdaşlıq əlaqələrinin mövcud olduğu ölkələrdə, xüsusilə Afrika bazarlarında Azərbaycanın rəqəmsal həllərinin bazara çıxışının asanlaşdırılması, kommersiya tərəfdaşlıqlarının qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır.
Bu istiqamətdə ekosistem daxilində fəaliyyətin koordinasiyası, dövlət qurumları və özəl sektor nümayəndələri ilə əlaqələrin yaradılması, B2B və B2G görüşlərinin təşkili, ticarət və investisiyaların təşviqi tədbirləri, eləcə də Azərbaycan rəqəmsal məhsullarının qlobal əhatə dairəsinin genişləndirilməsinə xidmət edən digər təşəbbüslərin reallaşdırılması nəzərdən keçiriləcək.
Qeyd edək ki, imzalanmış Anlaşma Memorandumu Azərbaycanda süni intellekt və dərin texnologiyalar sahəsində yerli potensialın gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və ölkənin regional innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə töhfə verəcək.
