Bakı.Trend:
Yaxın Şərqdə baş verən münaqişə qlobal alüminium bazarına əhəmiyyətli təsir göstərib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəsmi saytında dərc olunmuş "Kritik əhəmiyyətli minerallar bazarına qlobal baxış 2026" hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, münaqişə zamanı Yaxın Şərqdə yerləşən bir neçə alüminium istehsalı müəssisəsi zərər görüb. Bildirilir ki, Hörmüz boğazı vasitəsilə dəniz daşımalarında yaranan fasilələrlə yanaşı, bu amil qlobal alüminium ticarətinə də təsir göstərib.
IEA-nın məlumatına görə, Yaxın Şərq ölkələrinin payına dünya üzrə ilkin alüminium istehsalının təxminən 8 faizi düşür.
"Münaqişə başlamazdan əvvəl region Avropa İttifaqına, Yaponiya, Cənubi Koreya və Meksikaya alüminium tədarükünün 10 faizdən çoxunu, ABŞ-yə isə təxminən 20 faizini təmin edirdi. Regionun müəssisələri aerokosmik və müdafiə sənayesində istifadə olunan yüksək təmizlik dərəcəsinə malik alüminiumun əsas istehsalçılarıdır. 2023–2025-ci illər ərzində qlobal alüminiuma tələbatın təxminən 7 faiz artması və təklifdəki məhdudiyyətlər fonunda bazarda ehtiyatlar azalıb. Belə ki, London Metal Birjasında (LME) alüminium ehtiyatları 2024-cü ilin iyun ayında 1 milyon tondan çox olduğu halda, 2025-ci ilin iyun ayında təxminən 350 min tona enib.
Münaqişə başladıqdan sonra Çindən kənarda yerləşən dünyanın ən iri alüminium zavodu olan "Aluminium Bahrain" (Alba) müəssisəsi 2026-cı ilin aprel ayında fors-major elan edilməsi və üç istehsal xəttinin dayandırılması səbəbindən təxminən 30 faiz gücü ilə fəaliyyət göstərib. Qətərdə yerləşən "Qatalum" zavodu isə qaz təchizatındakı fasilələr səbəbindən fors-major elan etdikdən sonra təxminən 60 faiz gücü ilə işləyib", – deyə IEA-nın hesabatında bildirilir.
Hesabatda vurğulanır ki, bundan əlavə, mart ayının sonunda zərbələr nəticəsində "Alba" və "Emirates Global Aluminium" şirkətinin "Al Taweelah" müəssisələri də zədələnib.
"2026-cı ilin aprel ayında dünya bazarında alüminiumun qiyməti bir ton üçün təxminən 3 700 ABŞ dollarına çataraq son dörd ilin ən yüksək səviyyəsini qeydə alıb. Eyni zamanda, Rotterdam mükafatı (premiumu) 2026-cı ilin fevral-aprel aylarında təxminən 60 faiz artıb. Alüminium istehsalında istifadə olunan "yaşıl" neft koksunun qiyməti isə 2026-cı ilin fevral-aprel dövründə təxminən 35 faiz yüksəlib",-deyə məlumatda vurğulanır.
