Bakı. Trend:
Son günlərdə yas mərasimlərində baş vermiş zəhərlənmələrin ilkin epidemioloji araşdırmaları zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunan zaman ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir:
"Belə ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də
Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12
nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal
araşdırmalara başlanılıb.
İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində
istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk
faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində
məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının
qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata
keçirilir".
Qeyd edilib ki, lavaş məhsulundan nümunələr götürülüb:
"Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək".
"AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər", - deyə məlumatda qeyd edilib.
