Bakı. Trend:
Azərbaycanda uşaqların rəqəmsal risklərdən qorunması ilə bağlı yeni yanaşmalar və qanunvericilik təşəbbüsləri ictimai müzakirəyə çıxarılıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Uşaqları rəqəmsal risklərdən qorumaq: yeni yanaşmalar və həllər” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak ediblər.
İctimai müzakirəni giriş sözü ilə açan AMQF-nin Nəzarət-Təftiş Komissiyasının sədri Fariz Əkbərov texnoloji inkişafın uşaqların gündəlik həyatına və psixologiyasına təsirindən bəhs edib. O bildirib ki, rəqəmsal mühit uşaqlara yeni imkanlar yaratmaqla yanaşı, onların hüquq və təhlükəsizliyi baxımından ciddi risklər də formalaşdırır.
F.Əkbərov qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatları, eləcə də “Uşaq Qaynar Xətti”nin statistikası bu sahədə mövcud çağırışların aktuallığını açıq şəkildə göstərir. Onun sözlərinə görə, ötən il “Uşaq Qaynar Xətti”nə daxil olan müraciətlərin 120-si birbaşa virtual təhdid və kiberzorakılıqla bağlı olub. BMT-nin məlumatına əsasən isə dünyada hər üç internet istifadəçisindən biri uşaqdır və hər gün 175 mindən çox uşaq ilk dəfə internetə qoşulur.
Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin müdiri vəzifəsini icra edən, insan hüquqları üzrə hüquqşünas Zümrüd Əlizadə “Rəqəmsal mühitdə uşaqların risklərdən qorunmasında dünya ölkələrinin hüquqi tənzimləmələri və Azərbaycanda qanunvericilik islahatları” mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda uşaqlar kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, kiberzorakılıq, zərərli məzmun, süni intellekt və alqoritmik manipulyasiya kimi risklərlə üzləşirlər. Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə hüquqlarının effektiv müdafiəsi yalnız hüquqi qadağalarla deyil, eyni zamanda texnologiya şirkətlərinin məsuliyyətinin artırılması və hüquqlara əsaslanan yanaşmanın tətbiqi ilə mümkündür.
Z.Əlizadə qeyd edib ki, çıxışında Azərbaycanın bu sahədə mövcud qanunvericilik bazası və qarşıda duran çağırışlar təhlil olunub. Beynəlxalq standartlar və qabaqcıl təcrübə nəzərə alınmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal platformaların hüquqi məsuliyyətinin gücləndirilməsi, uşaqların şəxsi məlumatlarının daha effektiv qorunması, süni intellekt texnologiyalarının yaratdığı yeni risklərin hüquqi tənzimlənməsi və rəqəmsal savadlılığın artırılması istiqamətində mümkün inkişaf yolları təqdim olunub.
Hüquqşünas bildirib ki, Azərbaycanda qəbul edilən yeni tənzimləmə uşaqların müdafiəsinə yönəlmiş mühüm sosial və hüquqi addımdır. Onun sözlərinə görə, məqsəd uşaqların informasiya əldə etmək hüququnu məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etməkdir.
O vurğulayıb ki, qanunvericilikdə nəzərdə tutulan əsas mexanizmlərdən biri sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılmasıdır. Təklif olunan yanaşmaya əsasən, 16 yaşadək uşaqlar üçün hesab yaradılmasının məhdudlaşdırılması, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı və nəzarəti ilə platformalarda iştirak etməsi nəzərdə tutulur. Z.Əlizadə qeyd edib ki, bu yanaşma uşaqların hüquqlarının məhdudlaşdırılması deyil, onların hüquq və təhlükəsizliyinin daha etibarlı qorunmasına xidmət edir.
Tədbirdə “Rəqəmsal asılılığın uşaqların sağlamlığına və inkişafına təsiri” mövzusunda çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova bildirib ki, smartfon, planşet, kompüter və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə artıq ciddi ictimai sağlamlıq probleminə çevrilib. Onun sözlərinə görə, rəqəmsal asılılıq insanların gündəlik fəaliyyəti, təhsil və iş həyatı, ailə münasibətləri, yuxu rejimi və psixi sağlamlığına mənfi təsir göstərir. Xüsusilə uşaqlar və yeniyetmələr bu baxımdan daha həssas risk qrupuna daxildirlər.
“Uşaq Qaynar Xətti”nin klinik psixoloqu Vəfa Nəsirli isə bildirib ki, rəqəmsal təhlükəsizliklə bağlı müraciətlər xidmətə daxil olan müraciətlər arasında mühüm yer tutur. Belə hallarda uşaqlara və valideynlərə ilkin psixoloji dəstək göstərilir, risk səviyyəsi qiymətləndirilir, təhlükəsizlik planı hazırlanır, zərurət yarandıqda aidiyyəti dövlət qurumlarına yönləndirmə həyata keçirilir və proses izlənilir.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Uşaq Qaynar Xətt Xidməti – 116111-ə ümumilikdə 3751 müraciət daxil olub. Bunlardan 819-u zorakılıq halları ilə bağlı olub ki, bu da ümumi müraciətlərin 22 faizini təşkil edir. Zorakılıqla bağlı müraciətlərin 72-si, yəni 9 faizi kiberzorakılıqla əlaqədar olub.
V.Nəsirli vurğulayıb ki, uşaqların təhlükəsizliyinin əsas təminatçısı ailədaxili etibarlı ünsiyyət, valideyn nəzarəti və rəqəmsal savadlılığın inkişafıdır. Valideynlərə uşaqların rəqəmsal fəaliyyətinə maraq göstərmək, onlarla açıq ünsiyyət qurmaq, ekran vaxtını birlikdə planlaşdırmaq və onlayn risklərlə qarşılaşdıqda peşəkar dəstəyə müraciət etmək tövsiyə olunub.
İctimai müzakirələr zamanı iştirakçılar rəqəmsal asılılığın uşaqların sağlamlığına və inkişafına təsiri, qanunvericilik hədəfləri, sosial şəbəkələrin tənzimlənməsi mexanizmləri və beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Eyni zamanda dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, ailələr və digər maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, rəqəmsal savadlılığın və kibergigiyena vərdişlərinin təşviqi ilə bağlı təkliflər səsləndirilib.
