Bakı. Trend:
Bu ilin iyunun 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 556,865 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrünə nisbətən isə 75,3 milyon manat və ya 12,3% çoxdur.
Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,92%-ə bərabər olub.
Dövr ərzində regiona qoyulmuş kreditlərin 556,547 milyon manatı milli valyutada, 318 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Eyni zamanda, bu ilin iyunun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat və ya 2,9 dəfə artaraq 32,755 milyon manata bərabər olub.
Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 13,52% təşkil edib.
Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 24,383 milyon manatı milli valyutada, 8,373 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.
Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 589,620 milyon manata çatıb ki, bu da illik müqayisədə 82,6 milyon manat və ya 16,3% artım deməkdir.
Qeyd edək ki, 2026-cı ilin iyunun 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 30,886 milyard manata bərabər olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 8,8% çoxdur.
Kredit qoyuluşlarının artımı azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı bərpa və iqtisadi canlanma prosesi fonunda baş verir. Son illərdə Qarabağ və Şərqi Zəngəzurda dövlət investisiyaları hesabına nəqliyyat, energetika, kommunal infrastruktur, sənaye və yaşayış məntəqələrinin bərpası istiqamətində iri layihələr həyata keçirilir ki, bu da biznes aktivliyinin və maliyyələşməyə tələbatın artmasına şərait yaradır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunan "Azərbaycan investisiya perspektivləri forumu 2026" tədbirində bildirib ki, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və sosial-iqtisadi reinteqrasiyası Azərbaycanın əsas milli prioritetlərindən biridir.
Nazirin sözlərinə görə, azad edilmiş ərazilərdə investorlar üçün geniş vergi güzəştləri tətbiq olunur, müasir infrastruktur yaradılır və dövlət dəstəyi hesabına investisiya mühiti daha da cəlbedici hala gətirilir.
"Hazırda həmin ərazilərdə iki böyük sənaye parkı fəaliyyət göstərir. Azad edilmiş ərazilərdə tətbiq olunan güzəştlər və yaradılan müasir infrastruktur özəl investisiyaların cəlb edilməsinə və iqtisadi fəallığın artmasına xidmət edir", – deyə Mikayıl Cabbarov bildirib.
O əlavə edib ki, Azərbaycanın investisiya strategiyası nəqliyyat əlaqəliliyi, yaşıl enerji və rəqəmsal transformasiya kimi üç əsas istiqamət üzərində qurulub. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur regionları Orta Dəhliz və gələcək Zəngəzur dəhlizi ilə bağlı layihələr fonunda yeni iqtisadi inkişaf mərkəzlərinə çevrilir.
Bu istiqamətdə həyata keçirilən layihələrin miqyası barədə Trend-ə danışan Dünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, son beş ildə Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları investisiya yatırılıb və bu məbləğin 2028-ci ilədək 18 milyard ABŞ dollarına çatacağı gözlənilir.
"Layihələr çərçivəsində ağıllı infrastruktur, bərpa olunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemləri tətbiq olunur. Yeni məkan planlaşdırılması sənədlərinə əsasən, region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən edilib", – deyə Anar Quliyev Trend-ə bildirib.
