Bakı.Trend:
ANAMA-nın hüquqi statusunun dəyişdirildiyi dövrdən agentliyin qarşısında mövcud və artıq müəyyənləşdirilmiş mina problemi miqyasına uyğun olaraq maddi-texniki bazanın gücləndirilməsi və insan resurslarının artırılması vəzifəsi qoyuldu. Biz də fəaliyyətimizi bu tapşırığa uyğun şəkildə təşkil etdik.
Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O vurğulayıb ki, görülən işlər nəticəsində ANAMA-nın maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni avadanlıqlar və nəqliyyat vasitələri alınıb, şəxsi heyətin sayı artırılıb.
“Yeni avadanlıqlara nümunə olaraq Çin Xalq Respublikası tərəfindən agentliyə ianə edilmiş iki ədəd X-ray cihazını göstərə bilərəm. Bunlar xüsusi təyinatlı rentgen cihazlarıdır və qapalı məkanların arxasında - qapıların, dolabların və ya yeşiklərin içərisində nə olduğunu həmin obyektləri açmadan müəyyən etməyə imkan verir”, - deyə V.Süleymanov bildirib.
