Bakı.Trend:
Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" səhifəsində məlumat dərc olunub .
Müzakirələr Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında Moskvada keçirilən görüş zamanı aparılıb.
"Xarici işlər nazirləri Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər", – deyə məlumatda bildirilir.
Tərəflər Azərbaycan və Rusiya arasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı vəziyyəti nəzərdən keçirib, iqtisadi və ticarət əməkdaşlığının mövcud durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş zamanı nazirlər nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafının əhəmiyyətini vurğulayaraq, onların regionun iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd ediblər.
Bundan əlavə, tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının vacibliyini qeyd ediblər.
Görüşdə mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlararası təmaslar, akademik əməkdaşlıq və gənclər mübadiləsi də daxil olmaqla humanitar əməkdaşlıq məsələləri də müzakirə olunub.
Nazirlər Xəzər dənizində su səviyyəsinin azalması da daxil olmaqla ekoloji çağırışları da müzakirə edib və bu istiqamətdə birgə səylərin vacibliyini vurğulayıblar.
Regional və beynəlxalq məsələlərə toxunan C.Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanır. O vurğulayıb ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimadın möhkəmləndirilməsi istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə töhfə verib.
"Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və regional, eləcə də beynəlxalq təhlükəsizliklə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sülhün və sabitliyin təmin olunmasında diplomatik dialoqun, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin əhəmiyyəti vurğulanıb", – deyə XİN-in məlumatında qeyd olunub.
