Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı ilk dəfə 3 003 nəfərə çatıb.
Bu barədə iyulun 17-də “Badamdar” mehmanxanasında keçirilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində bildirilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, mərasimdə daha 67 namizəd vəkil andı içərək Kollegiyanın sıralarına qoşulub. Onun sözlərinə görə, bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə 3 003 nəfərə yüksəlib.
Bildirilib ki, yeni qəbul olunan vəkillərdən 37-si kişi, 30-u qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbuldan sonra qadın vəkillərin sayı 701 nəfərə çatıb ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.
Anar Bağırov vurğulayıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddətdə 17 test imtahanı keçirilib, 7 mindən çox namizəd iştirak edib, onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq Vəkillər Kollegiyasına qəbul olunub.
Tədbir çərçivəsində vəkilliyə qəbul üzrə bütün mərhələləri uğurla başa vurmuş namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə vəkil andı içərək peşə fəaliyyətlərini qanunun aliliyi, peşə etikası və insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinə sadiq şəkildə həyata keçirəcəklərinə dair öhdəlik götürüblər. Ardınca onlara vəkil vəsiqələri təqdim edilib.
