"Şimal-Cənub" nəqliyyat marşrutunun Azərbaycan hissəsi üzrə işlər vaxtında icra olunur - Bayramov

Siyasət Materials 17 İyul 2026 17:02 (UTC +04:00)
"Şimal-Cənub" nəqliyyat marşrutunun Azərbaycan hissəsi üzrə işlər vaxtında icra olunur - Bayramov
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"Şimal-Cənub" nəqliyyat marşrutunun Azərbaycan hissəsi üzrə işlər vaxtında icra olunur.

Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, Azərbaycan ilk gündən etibarən "Şimal-Cənub" marşrutunun razılaşdırılması və irəlilədilməsi prosesində fəal iştirak edib.

"Qeyd etdiyim kimi, region ölkələri arasında əlaqəliliyin gücləndirilməsi bizim üçün böyük əhəmiyyət daşıyır və "Şimal-Cənub" layihəsi hər zaman bizim üçün vacib və prioritet istiqamət olub. Bu kontekstdə bir neçə il əvvəl Rusiya Federasiyası ilə ikitərəfli əsasda marşrutun Azərbaycan hissəsi üzrə konkret aspektlər razılaşdırılıb. Deyə bilərəm ki, həmin razılaşmalar vaxtında icra olunur. Hazırkı mərhələdə Azərbaycan tərəfinin öhdəliyi ondan ibarətdir ki, 2028-ci ilədək Azərbaycanın dəmir yolu vasitəsilə "Şimal-Cənub" istiqamətində illik yükdaşıma həcmi 5 milyon tona çatdırılsın. Bu istiqamətdə heç bir problem yoxdur. Layihə planlı şəkildə həyata keçirilir. Rusiya Federasiyasının, o cümlədən İran İslam Respublikası ərazisində həyata keçirdiyi və planlaşdırdığı işlər başa çatdıqdan sonra zərurət yaranarsa, Azərbaycan öz ərazisindən ötürücülük qabiliyyətini artırmağa hazırdır", – deyə o bildirib.

C.Bayramov qeyd edib ki, bu marşrut çərçivəsində İranın Astara şəhəri ərazisində yerləşən obyekt də xüsusi əhəmiyyət daşıyır.

"Azərbaycanın investisiyaları və Azərbaycan kapitalının nəticəsi olaraq dəmir yolu terminalının tikintisi faktiki olaraq başa çatdırılıb. Biz onun hazırlıq səviyyəsini təxminən 98 faiz qiymətləndiririk, lakin reallıqda tikinti demək olar ki, tam yekunlaşıb. Hazırda yalnız İran tərəfi ilə son prosedurların razılaşdırılması və obyektin təhvil-təslim prosesinin başa çatdırılması qalır", – deyə nazir əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti