Bakı.Trend:
Sabiq bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, Culfa rayon Yaycı bələdiyyəsinin sabiq sədri Zülfüqar Zülfüqarovun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Zülfüqar Zülfüqarov 2020–2024-cü illərdə həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi qaydalarını pozub. Nəticədə bələdiyyə büdcəsinə 93 min manatdan artıq ziyan vurulduğuna əsaslı şübhələr yaranıb.
Araşdırma zamanı həmçinin təqsirləndirilən şəxsin qulluq mövqeyindən istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından torpaq icarəsi və satışı ilə bağlı iclas qərarlarında bələdiyyə üzvlərinin adından imzalar atdığı, sənədləri bələdiyyənin möhürü ilə təsdiqlədiyi və sonradan həmin sənədlərdən istifadə etdiyini təsdiq edən mötəbər sübutlar əldə olunub.
Zülfüqar Zülfüqarova Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilib.
