Bakı. Trend:
Bakı Ekspo Mərkəzində altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, müsabiqənin əvvəlki illərinin qalibləri, media nümayəndələri və finalçılar iştirak ediblər.
Bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş
“Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxışında bildirib ki, bu il müsabiqədə iştirak üçün ümumilikdə 17000 nəfər müraciət edib. O qeyd edib ki, final mərhələsinə isə 130 nəfər çıxıb. Onun sözlərinə görə, yarımfinal mərhələsində dövlət sektorunda işləyənlər üstünlük təşkil etsə də, final mərhələdə özəl sektorda işləyənlər üstünlük təşkil edir.
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev isə
çıxışında “Yüksəliş” müsabiqəsinin fəlsəfəsinə uyğun olaraq,
ölkəmizdə insan kapitalının inkişafı və yeni nəsil liderlərin
yetişdirilməsi strateji əhəmiyyət daşısığını qeyd edib.
Nazir bildirib ki, ötən illər ərzində müsabiqəyə göstərilən marağın
davamlı artması bir daha sübut edir ki, bilikli, istedadlı və
məsuliyyətli kadrların üzə çıxarılması və inkişaf etdirilməsi
dövlət siyasətinin əsas prioritetlərindən biridir:
"Ən mühüm vəzifələrdən biri insan kapitalının inkişafı və onun gələcəyin çağırışlarına hazırlanmasıdır. Sürətlə dəyişən dünyada çevik düşünmək, öyrənmək və yeni şəraitə uyğunlaşmaq bacarığı uğurun əsas şərtlərindən biridir. “Yüksəliş” müsabiqəsi də məhz bu məqsədə xidmət edərək bilikli, bacarıqlı və liderlik potensialına malik şəxslərin üzə çıxarılması, onların inkişafı və ölkənin gələcəyinə töhfə verməsi üçün mühüm platforma rolunu oynayır", - Teymur Musayev bildirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) çıxışında “Yüksəliş” müsabiqəsinin ölkədə insan
kapitalının inkişafına, liderlik keyfiyyətlərinin və peşəkar
idarəçilik mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyi
vurğulayıb.
O bildirib ki, əsl liderlik yalnız bilik və bacarıqla deyil, insan
hüquqlarına hörmət, qanunun aliliyinə sadiqlik, etik davranış və
sosial məsuliyyət prinsiplərinə əsaslanmalıdır.
"Ombudsmanın fəaliyyətinin də insan hüquq və azadlıqlarının
müdafiəsi, sosial ədalətin təmin olunması və dövlət-vətəndaş
münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edir.
Mentorluq proqramı isə bilik, təcrübə və etik dəyərlərin yeni nəslə
ötürülməsində mühüm rol oynayır. Finalçıların qazandıqları bilik,
təcrübə və peşəkar əlaqələrin onların gələcək fəaliyyətində dəyərli
kapital olacaq".
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə
çıxışında bildirib ki, ildən-ilə xaricdə yaşayan soydaşlarımızın da
"Yüksəliş" müsabiqəsinə marağı artmaqdadır.
"Biz il ərzində bir çox layihələr təşkil edirik. Sizlər də bizim bu
layihələrimizdə iştirak edə, Azərbaycanı təmsil edə bilərsiniz.
Azərbaycan dövləti bu gün böyük gücə çevrilib. Və bu gücün inkişafı
üçün də güclü kadr potensialı olmalıdır", - komitə sədri çıxışında
qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
çıxışında "Yüksəliş"in digər layihələrdən fərqləndirən əsas cəhətin
onun təkcə kadr potensialını zənginləşdirməsi deyil, eyni zamanda
uzunmüddətli inkişaf platforması kimi fəaliyyət göstərməsi olduğunu
bildirib. Onun sözlərinə görə, layihənin ən böyük uğuru hazırlıq
prosesinin formalaşdırılmasında gələcəyin çağırışları da nəzərə
alınmasından ibarətdir.
"İndiyədək iştirak üçün 70 mindən çox müraciətin daxil olmasına baxmayaraq, cəmi 200-ə yaxın gəncin qalib seçilməsi platformada yüksək seçim meyarlarının tətbiq olunduğunu və gənclər arasında güclü rəqabətin mövcudluğunu göstərir", - o qeyd edib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş”
müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva isə
çıxışıbda bildirib ki, burada artıq həyatda uğur qazanmış, biliyi
və bacarığı ilə öz həyat yolunu, karyerasını qurmuş, öz
səviyyəsində olan digər uğurlu insanlarla yarışan şəxsiyyətlər bir
araya gəlirlər:
“Əminəm ki, müsabiqə başa çatdıqdan sonra bir çoxunuz yeni dostlar
qazanacaq, yeni peşəkar əlaqələr formalaşdıracaqsınız. Bu da
“Yüksəliş”in ən böyük dəyərlərindən biridir”.
Müsabiqədə bilikli, bacarıqlı, öz peşəsinin peşəkarı olan, amma bununla yanaşı, dövlətçiliyə sadiq, sağlam mənəvi dəyərlərə söykənən, məsuliyyət hissi yüksək olan insanların qalib gəlməsini istəyirik. Elə insanlar ki, məsuliyyəti yalnız özünə, ailəsinə və işinə qarşı deyil, həm də dövlətinə, xalqına və millətinə qarşı daşıyırlar”.
Qeyd edək ki, final mərhələsinə hazırlıq çərçivəsində
qiymətləndirici ekspertlər üçün üçgünlük xüsusi təlim proqramı
təşkil olunub. Təlimlərə ümumilikdə 58 ekspert cəlb edilib.
Üç gün davam edəcək final mərhələsində müsabiqənin əvvəlki dörd
mərhələsini uğurla başa vuran 130 iştirakçı mübarizə aparır. Final
mərhələsi iyulun 19-da başa çatacaq və ölkənin yüksək idarəçilik
potensialına malik növbəti istedadlı kadrları arasından altıncı
“Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşdiriləcək.
Bununla da, altıncı “Yüksəliş” müsabiqəsinə yekun vurulacaq.
