Bu il elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub - STATİSTİKA

Cəmiyyət Materials 17 İyul 2026 13:40 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin I yarısında elmi dərəcə verilmiş iddiaçılar üzrə statistik məlumatlara əsasən elmi dərəcə alan qadınların sayı kişilərdən xeyli çox olub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sosial media hesabında yaydığı məlumata əsasən, hesabat dövründə fəlsəfə doktoru elmi dərəcəsi üzrə ümumilikdə 295 nəfərə diplom verilib.

"Onlardan 209-u qadın, 86-sı isə kişidir. Elmlər doktoru elmi dərəcəsi üzrə isə ümumilikdə 40 nəfər elmi dərəcə alıb. Bu kateqoriyada qadın və kişilərin sayı bərabər olub – 20 qadın, 20 kişi.

Fəlsəfə doktoru dərəcəsi üzrə ən çox qadın iddiaçı filologiya elmləri sahəsində qeydə alınıb. Bu sahədə 59 qadın, 2 kişi elmi dərəcə alıb. Qadınların fəallığı həmçinin iqtisad elmləri (23 nəfər), pedaqogika (22 nəfər), biologiya elmləri (19 nəfər) və tibb elmləri (17 nəfər) sahələrində də yüksək olub".

Hesabata görə, kişilər arasında isə fəlsəfə doktoru dərəcəsi üzrə ən yüksək göstərici iqtisad elmləri və texnika elmləri sahələrində qeydə alınıb. İqtisad elmlərində 23 kişi, texnika elmlərində isə 19 kişi elmi dərəcə əldə edib.
Elmlər doktoru dərəcəsi üzrə qadınlar arasında ən yüksək göstərici filologiya elmləri sahəsinə məxsus olub. Bu istiqamətdə 8 qadın, 2 kişi elmlər doktoru adına layiq görülüb.

Kişilər arasında isə elmlər doktoru dərəcəsi üzrə ən yüksək göstəricilər texnika elmləri və iqtisad elmləri sahələrində qeydə alınıb. Hər iki istiqamətdə 4 kişi elmlər doktoru elmi dərəcəsi alıb.

Qeyd edək ki, AAK-ın açıqladığı statistikaya əsasən, 2026-cı ilin ilk altı ayında elmi dərəcə alanlar arasında qadınlar, xüsusilə fəlsəfə doktoru pilləsində, say baxımından kişiləri əhəmiyyətli dərəcədə üstələyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti