Bakı.Trend:
İranın Küveytə ballistik raket və dron hücumları fonunda “Kuwait Airways” hava yolları şirkəti ölkə üzrə hava reyslərinin əksəriyyətini ləğv etdiyini elan edib.
Bu barədə şirkətin rəsmi bəyanatında bildirilir.
Bu arada Küveytin Hava Hücumlarından Müdafiə Qüvvələri ölkənin hava məkanını pozan İran raket və dronlarının dördüncü dalğasını dəf etməkdədir. Bu haqda ölkənin silahlı qüvvələrinin baş qərargahı bəyanat yayıb.
Hələlik zərərsizləşdirilən raket və dronların sayı açıqlanmır. Eyni zamanda dağıntılar və itkilərin olub-olmaması barədə məlumat yoxdur.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
