Bakı.Trend:
Hərbi Prokurorluq 2026-cı ilin ilk yarısında qeydə alınan cinayətlərin 99 faizinin açıldığını açıqlayıb.
Qurumdan bildirilib ki, bu barədə 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunan geniş kollegiya iclasında məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 0,9 faiz, qeyri-hərbi cinayətlər isə 4,9 faiz azalıb. Hərbi xidmətdən yayınma 21,2 faiz, qulluğa səhlənkar yanaşma 9,1 faiz, silahla və yüksək təhlükə törədən əşyalarla davranış qaydalarının pozulması 50 faiz, silah və döyüş sursatının talanması və ya hədə-qorxu ilə tələb edilməsi 75 faiz, yol hərəkəti qaydalarının pozulması 16,7 faiz, xuliqanlıq 71,4 faiz, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz azalıb.
Həmçinin dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində mühüm nəticələrin əldə olunduğu, Hərbi Prokurorluğun “962 Etimad xətti”nə hesabat dövründə 400-dən çox müraciətin daxil olduğu bildirilib.
Kollegiyada görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.
