Bakı. Trend:
Almaniyada cəza çəkməli və ya həbs olunmalı olan təxminən 150 min nəfər hələ də azadlıqdadır.
Bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Məlumata görə, iyulun 1-nə olan vəziyyətə əsasən, polis 148 min 311 nəfəri axtarır. Eyni şəxs barəsində bir neçə həbs orderi verilə bildiyindən qüvvədə olan orderlərin ümumi sayı 170 min 667-yə çatır. Onların 86 faizi cəzasını çəkmək üçün penitensiar müəssisəyə gəlməyən məhkumlara, 14 faizi isə cinayət işləri üzrə təqsirləndirilən şəxslərə aiddir.
İcra olunmamış orderlərin təxminən 15 mini zorakı cinayətlərlə bağlıdır. Onların əksəriyyəti qəsdən ağır bədən xəsarəti yetirmə, 2 min 650-si isə qətl və ya adamöldürmə ittihamları ilə əlaqədardır.
Hökumətin məlumatına görə, aktiv həbs orderi olanlar arasında terror aktı törətmək potensialına malik hesab edilən 94 nəfər də var.