Bakı. Trend:
2025/2026-cı tədris ili Qarabağ Universitetində sürətli institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətləri ilə zəngin mühüm mərhələ olmuşdur. İki il əvvəl fəaliyyətə başlayan bu təhsil müəssisəsi başa vurduğumuz tədris ilində müasir, tələbəmərkəzli, tədqiqatəsaslı və beynəlxalq əməkdaşlığa açıq universitet modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir.
Qarabağ Universitetinin sürətli inkişafının əsasında Azərbaycan Prezidenti İlham Əliyevin universitetə xüsusi diqqəti və davamlı dövlət dəstəyi dayanır. Dövlət başçısının 2025-ci ildə iki dəfə universitetdə olması, Qarabağ Universitetinin Klinikası və Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun, Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı, Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması universitetin inkişafına verilən strateji əhəmiyyətin bariz ifadəsidir.
Keyfiyyətli tələbə kontingenti və sürətli institusional inkişaf
2025/2026-cı tədris ilinin mühüm nəticələrindən biri yüksək akademik göstəricilərə malik gənclərin Qarabağ Universitetinə marağının artması olmuşdur. 600-dən çox bal toplamış 127 abituriyent bu universiteti seçmişdir. Əvvəlki tədris ilində bu göstəricinin 101 nəfər olması qəbul keyfiyyətində müsbət dinamikanı göstərir.
Ümumilikdə 500-dən çox bal toplamış 332 gənc, 400-dən çox nəticə göstərmiş 613 gənc Qarabağ Universitetinin tələbəsi adını qazanmışdır. Universitetə qəbul olunan ən yüksək nəticəli tələbə 684 bal toplamışdır. Respublika fənn olimpiadalarının beş qalibinin müsabiqədənkənar qaydada universitetə qəbul olunması da istedadlı gənclərin artan marağının göstəricisidir.
İlk dəfə tələbə qəbulu aparılan "Tibb" ixtisasında keçid balının 614,6, "Tibb bacısı (qardaşı) işi" ixtisasında 490,6 bal olması yeni akademik proqramlara yüksək marağı nümayiş etdirmişdir. İncəsənət fakültəsində "İnstrumental ifaçılıq" və "Musiqi müəllimliyi" ixtisasları üzrə qəbul göstəriciləri də ölkə üzrə yüksək nəticələr sırasında yer almışdır.
Tələbə sayının 2143-ə çatması, akademik və inzibati heyətin 400 nəfəri ötməsi, kadr hazırlığı həyata keçirilən ixtisasların sayının 25-dən 34-ə yüksəlməsi Qarabağ Universitetinin qısa müddətdə böyük ali təhsil müəssisəsinə çevrilmək istiqamətində sürətlə irəlilədiyini göstərir. Universitetin əməkdaşları sırasında 5 xarici ölkə vətəndaşının yer alması isə formalaşmaqda olan beynəlxalq akademik mühitin və müxtəlif təcrübələrin tədris prosesinə cəlb olunmasının təzahürlərindən biridir.
Akademik keyfiyyət və beynəlxalq standartlara uyğun təhsil
Ən mühüm nailiyyətlərdən biri Biznes və iqtisadiyyat fakültəsinin "Mühasibat" və "Maliyyə" proqramlarının ACCA tərəfindən beynəlxalq akkreditasiyadan keçməsi olmuşdur.
Akademik keyfiyyət tələbələrin beynəlxalq peşə imtahanlarındakı uğurlarında da özünü göstərmişdir. Biznes və iqtisadiyyat fakültəsinin bir tələbəsi ACCA-nın "Financial Management" imtahanında Azərbaycan, Türkiyə və Gürcüstan regionu üzrə birinci, dünya üzrə beşinci yeri tutmuş, digər tələbəmiz "Financial Reporting" imtahanında region üzrə birinci nəticə göstərmişdir.
İqtisadiyyat ixtisası üzrə bakalavriat proqramının Oksford Universitetinin iqtisadçı alimləri ilə birgə hazırlanması akademik məzmunun beynəlxalq təcrübə əsasında yenilənməsinin mühüm nümunəsidir.
Qarabağda yeni tibbi təhsil və klinik ekosistemin qurulması
2025/2026-cı tədris ilinin mühüm yeniliklərindən biri Qarabağ Universitetində tibbi təhsilin və klinik fəaliyyətin əsasının qoyulması olmuşdur.
Tibb və sağlamlıq elmləri fakültəsində beynəlxalq təcrübə əsasında hazırlanmış kompetensiyaya əsaslanan 6 illik "Tibb" və 4 illik "Tibb bacısı (qardaşı) işi" proqramlarının tədrisinə başlanılmışdır.
Tədris proqramına "İncəsənət və humanitar elmlər" komponentinin daxil edilməsi gələcək həkimlərin peşə bilikləri ilə yanaşı, kommunikasiya, komanda işi, yaradıcı düşünmə və özünüifadə bacarıqlarının inkişafına xidmət edir.
Qarabağ Universitetinin Klinikasının fəaliyyətə başlaması tələbələrin klinik təcrübəsi üçün yeni imkanlar yaratmaqla yanaşı, Qarabağ regionunda müasir səhiyyə ekosisteminin formalaşdırılmasına mühüm töhfədir.
Elmi-tədqiqat fəaliyyətində yeni mərhələ
Qarabağ Universitetinin qısa müddətdə mühüm irəliləyiş əldə etdiyi istiqamətlərdən biri elmi-tədqiqat fəaliyyətidir.
Scopus bazasında indekslənən nəşrlərin sayı 2024-cü ildə 6, 2025-ci ildə 26, 2026-cı ilin ilk altı ayında isə 30 olmuşdur. Beləliklə, 2024-2026-cı illərdə Scopus bazasında məqalələrin sayı 62-yə çatmış, həmin nəşrlərə 139 istinad edilmişdir. 2026-cı ilin ilk yarısında dərc olunan 30 məqalə artıq 2025-ci ilin tam illik göstəricisini üstələmişdir.
Elmi nəticələr keyfiyyət və beynəlxalq səviyyə baxımından da diqqət çəkir. Universitet əməkdaşlarının tədqiqatları "Evolution Equations and Control Theory", "PLoS ONE", "Journal of Environmental Management", "Scientific Reports", "ACS Omega", "IEEE Access" və "RSC Advances" kimi beynəlxalq elmi jurnallarda dərc edilmişdir.
Təhsil, sənaye və əmək bazarı arasında yeni əməkdaşlıq imkanları
Qarabağ Universitetində təhsilin real iqtisadiyyat və əmək bazarı ilə əlaqələndirilməsi inkişaf modelinin əsas istiqamətlərindəndir.
SOCAR ilə imzalanmış əməkdaşlıq müqaviləsi təhsil, tədqiqat, innovasiya və sənaye əməkdaşlığının inkişafı üçün strateji platforma yaratmışdır.
Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində 100-dən artıq tələbənin bankın baş ofisi və müxtəlif filiallarında təcrübə keçməsi onların real iş mühiti ilə erkən mərhələdə tanışlığına imkan vermişdir.
Dövlət Vergi Xidməti ilə əməkdaşlıq nəticəsində 22 tələbə vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunmuşdur. Hüquqşünaslıq ixtisası üzrə tələbələr üçün Milli Məclis, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasında təcrübə imkanları yaradılmışdır.
Tələbəmərkəzli yanaşma və zəngin universitet həyatı
Tələbələrin elmi və yaradıcı potensialının üzə çıxarılması, tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlbi də tələbəmərkəzli yanaşmanın mühüm istiqamətidir. Pedaqoji fakültənin təşkilatçılığı ilə "Süni intellektlə təhsilin yenidən formalaşdırılması" mövzusunda "EDU-con 2026" I tələbə elmi konfransı və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə "Gələcəyin Mühəndisi" tələbələrin I Elmi-Texniki konfransı keçirilmişdir. Bu platformalar tələbələrə araşdırma və innovativ ideyalarını təqdim etmək, akademik müzakirələrdə iştirak etmək və tədqiqat bacarıqlarını inkişaf etdirmək imkanı vermişdir.
İnkişafın yeni mərhələsinə doğru
Əldə olunan nəticələr 2026/2027-ci tədris ilinə daha böyük hədəflərlə qədəm qoymaq üçün möhkəm zəmin yaratmışdır. Bakalavriat səviyyəsi üzrə ixtisasların sayının 49-a çatdırılması və 1403 tələbənin qəbulu nəzərdə tutulur. Qəbul yalnız dövlət sifarişi əsasında və əyani təhsil forması üzrə həyata keçiriləcək. Plan yerlərinin 758-i Azərbaycan, 645-i ingilis bölməsi üzrə müəyyən edilmişdir. İngilis dilində tədris imkanlarının genişləndirilməsi universitetin beynəlmiləlləşmə strategiyasının və qlobal akademik məkana inteqrasiya hədəfinin mühüm istiqamətidir.
Yeni tədris ilinin ən mühüm strateji yeniliklərindən biri Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti ilə birgə 4 mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi olacaqdır. Dünyanın qabaqcıl texniki universitetlərindən biri ilə reallaşdırılacaq proqramlar Qarabağ Universitetində mühəndislik təhsilinin beynəlxalq standartlar əsasında inkişafı, qabaqcıl akademik təcrübənin mənimsənilməsi və qlobal əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması baxımından yeni mərhələnin başlanğıcıdır.
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru