İranın Atom Enerjisi Təşkilatı “Darxovin” AES-ə hücumu qınayıb

Dünya xəbərləri Materials 19 İyul 2026 16:15 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatı “Darxovin” AES-ə hücumu qınayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Atom Enerjisi Təşkilatı ABŞ-nin İranın tikilməkdə olan “Darxovin” Atom Elektrik Stansiyasına hücumunu qınayıb.

Bu, İranın Atom Enerjisi Təşkilatının yayımladığı bəyanatda öz əksini tapıb.

“Ötən gecə yerli vaxtla 03:39 radələrində beynəlxalq qanunlara zidd olaraq ABŞ tikilməkdə olan “Darxovin” Atom Elektrik Stansiyasının bir obyektinə bir neçə raket atıb. Bu hücum İranın inkişafının qarşısını almaq məqsədilə həyata keçirilib. Bu hücum beynəlxalq qanunların və İranın suverenliyinin açıq-aşkar şəkildə pozulmasıdır. Eyni zamanda İranın mütəxəssisləri və alimlərinin nailiyyətlərinə birbaşa hücumdur”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunur ki, “Darxovin” AES-i Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İran arasında hərtərəfli qorunma razılaşması çərçivəsində AEBA-nın tam nəzarətində dinc məqsədli fəaliyyət üçündür və qanunidir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 444 və 533 saylı qətnamələr çərçivəsində dinc məqsədli nüvə obyektlərinə hücumu və yaxud hücumla hədələməyi BMT Nizamnaməsi və agentliyin əsasnaməsinə əsasən beynəlxalq hüquqa zidd hesab edib.

“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorundan sükut etməyərək Nüvə Silahlarının Yayılmamasına dair Sazişin, nüvə qorunması və agentliyin əsasnaməsinə daha çox zəifləməsinə səbəb olan bu hücumu qınamasını və öz vəzifələrini yerinə yetirməsini istəyir”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti