Bakı.Trend:
Biçindən sonra əkin sahələrinin yandırılması qadağandır.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə və məhsul istehsalçılarına müraciət edərək taxıl sahələrinin biçindən sonra yandırılmasının yolverilməz olduğunu bildirib.
Nazirlik qeyd edib ki, əkin sahələrinin yandırılması həm ekoloji, həm də aqrotexniki baxımdan ciddi fəsadlar yaradır. Bildirilib ki, yanğınlar əkinəyararlı torpaqlarla yanaşı meşələri, meşəmühafizə zolaqlarını və yaşayış məntəqələrini də əhatə edərək ciddi ekoloji problemlərə səbəb olur.
Məlumata görə, kövşənliyin və samanın yandırılması torpağın münbitliyinə ciddi zərər vurur, faydalı mikroorqanizmləri məhv edir, humus və qida maddələrinin itirilməsinə səbəb olur. Nazirlik vurğulayıb ki, yüksək temperatur torpağın üst qatında humusun yanmasına, suyun buxarlanmasına və torpağın bioloji strukturunun pozulmasına gətirib çıxarır.
Qeyd olunub ki, bir hektarda 1 ton samanın yandırılması nəticəsində 4-4,5 kiloqram azot, 2-2,5 kiloqram fosfor itirilir, 8-10 kiloqram kalium isə yararsız hala düşür. Bu itkini kompensasiya etmək üçün hər hektara 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, əkin sahələrinin yandırılması növbəti ilin məhsuldarlığını 20-30 faiz azalda bilər.
Nazirlik həmçinin bildirib ki, bitki qalıqlarının yandırılması zərərvericilərlə mübarizədə effektiv üsul deyil. Çünki zərərvericilər torpağın dərin qatlarında sağ qala bildiyi halda, faydalı həşəratlar yanğın nəticəsində məhv olur.
Fermerlərə tövsiyə olunub ki, biçin zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayaraq mulça şəklində sahəyə səpsinlər və ya biçindən dərhal sonra sahədən çıxarsınlar. Bundan sonra torpağın xüsusiyyətlərinə uyğun gübrələmə aparılması, şum, diskləmə və ya torpağın sıfır becərməsi üsullarından istifadə edilməsi, eləcə də aralıq bitkilərin səpininə hazırlıq görülməsi tövsiyə edilir.
Nazirlik xatırladıb ki, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən bu qaydanı pozan fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manatadək cərimə edilir.
