Bakı.Trend:
Hindistanın şimal və şimal-şərq bölgələrində musson yağışlarının yaratdığı qəfil daşqınlar, torpaq sürüşmələri nəticəsində bir gün ərzində azı 21 nəfər həlak olub.
Bu barədə “The Independent” nəşri yazır.
Sinoptiklər yaxın günlərdə yağıntıların davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Bazar günü ölüm halları Cammu və Kəşmir, Naqaland və Uttarakhand ştatlarında qeydə alınıb.
Himalay bölgəsində yerləşən Cammu və Kəşmirdə azı 11 nəfər həyatını itirib, bir neçə nəfər isə itkin düşüb. Xilasetmə qrupları torpaq sürüşməsi altında qaldığı ehtimal edilən şəxslərin axtarışını davam etdirir. Rəsmilər ölənlərin sayının artacağını istisna etməyiblər.
Yerli KİV-lərin məlumatına görə, ən çox zərər çəkmiş Racouri və Punç rayonlarında leysan yağışları, torpaq sürüşmələri və qəfil daşqınlar yollara, yaşayış evlərinə və ticarət obyektlərinə ciddi ziyan vurub.
Hindistanın şimal-şərqində yerləşən Naqaland ştatında isə Mon rayonunda baş verən leysan yağışları və qəfil daşqınlar nəticəsində azı səkkiz nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yerli rəsmilərə istinadən PTI və ANI agentliklərinin yaydığı məlumata görə, təbii fəlakət evləri dağıdıb, yolları bağlayıb və bir sıra insanları dağıntılar altında qoyub.
