Bakı. Trend:
İyulun 12-də Tailandın paytaxtı Banqkokun Çatuçak rayonunda yerləşən məşhur bar-restoranda baş verən yanğında həlak olanların sayı 34-ə çatıb.
Səhiyyə orqanlarının məlumatına görə, iyulun 19-da 20 yaşlı qadın aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.
Yanğın Banqkokun şimalında yerləşən və həmin vaxt konsert keçirilən "Rong Beer Na Lat Phrao" adlı məkanda qısa müddətdə geniş əraziyə yayılıb, nəticədə 27 nəfər karbon monoksid və sianid turşusunun tüstüsünü udaraq zəhərlənərək ölüb.
"Bu qazlar nəfəs yolları ilə orqanizmə daxil olduqda oksigenin qana çatmasının qarşısını alır. Böyük miqdarda udulduqda isə cəmi dörd dəqiqə ərzində ölümə səbəb ola bilər", – deyə Banqkok Polis Xəstəxanasının nümayəndəsi Virun Supasinqsiripriça bildirib.
Digər qurbanlar isə ağır yanıq xəsarətləri səbəbindən sonradan xəstəxanada dünyasını dəyişiblər. Ümumilikdə 70-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
İstintaq orqanları yanğının başvermə səbəblərini və hadisənin bu qədər çox insan itkisinə gətirib çıxarmasının səbəblərini araşdırır. Tailand polisinin yüksək vəzifəli nümayəndəsi Siam Bunsom bildirib ki, müəssisədə icazə olmadan yüksək gərginlikli elektrik sistemindən istifadə edilib və bu, yanğının mümkün səbəblərindən biri ola bilər.
Hakimiyyət yaxın həftələrdə Banqkokda fəaliyyət göstərən minə yaxın əyləncə obyektində təhlükəsizlik yoxlamalarının aparılacağını açıqlayıb. Artıq təhlükəsizlik normalarına əməl etməyən üç barın fəaliyyəti müvəqqəti dayandırılıb.