Bakı. Trend:
Qayana sahillərində göyərtəsində 133 nəfərin olduğu bərənin batmasından sonra axtarış-xilasetmə əməliyyatları davam edir. Hakimiyyət orqanlarının iyulun 19-da yaydığı məlumata görə, indiyədək 67 nəfər xilas edilib, 66 nəfər isə itkin düşmüş hesab olunur.
Bu hadisə təxminən 1 milyon əhalisi olan Cənubi Amerikanın ingilisdilli dövləti Qayana üçün son illərin ən ağır faciələrindən biri sayılır.
Qayananın ictimai işlər naziri Xuan Edqill "Facebook" hesabında bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir və indiyədək 15-i uşaq olmaqla 67 nəfər xilas olunub. O, ölənlərin sayı barədə məlumat verməyib.
Nazirin yaydığı videomüraciətdə bildirilib ki, paytaxt Corctaun şəhərindən bazar günü gecə saatlarında ölkənin cəngəllik ərazisində yerləşən yaşayış məntəqəsinə yola düşən "Barima" bərəsi güclü dalğanın təsiri nəticəsində çevrilib.
Məlumatda qeyd olunur ki, axtarış sahəsi 400 kvadrat kilometrdən 1070 kvadrat kilometrə qədər genişləndirilib. Bölgəni yaxşı tanıyan yerli balıqçılar da axtarış-xilasetmə əməliyyatlarına cəlb olunublar.
"Barima" bərəsi paytaxt Corctaun şəhərindən ölkənin şimal-qərbində, Essekibo bölgəsində yerləşən Port Kaituma kəndinə gedirdi. Gəmi əvvəlcə dəniz yolu ilə hərəkət etməli, daha sonra isə tropik meşənin içərisində yerləşən Port Kaitumaya çatmaq üçün çayla üzməli idi. Məlumata görə, bərə 1939-cu ildə inşa olunub və 87 ildir istismarda idi.
Bərədə 116 sərnişin və 17 ekipaj üzvü olub. Gəmi şənbə günü yerli vaxtla saat 23:00 radələrində qəza siqnalı göndərib.
Bildirilib ki, gəmidə 250 xilasedici jilet olub və hadisə yerinə tibbi yardım göstərilməsi üçün xüsusi gəmi göndərilib.
Qeyd edək ki, neft ehtiyatları ilə zəngin, 160 min kvadratkilometr ərazini əhatə edən Essekibo bölgəsi yüz ildən artıqdır Qayananın nəzarəti altındadır. Bununla belə, ərazi Qayana ilə Venesuela arasında uzun illərdir davam edən sərhəd mübahisəsinin əsas predmetlərindən biri olaraq qalır.