ECOWAS Nigeriya–Mərakeş qaz kəmərinin tikintisini təsdiqləyib

Dünya xəbərləri Materials 20 İyul 2026 06:19 (UTC +04:00)
ECOWAS Nigeriya–Mərakeş qaz kəmərinin tikintisini təsdiqləyib

Bakı. Trend:

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) dövlət və hökumət başçıları iyulun 19-da Fritaun şəhərində keçirilən növbəti sammitdə Nigeriyanı Mərakeşlə birləşdirəcək qaz kəmərinin tikintisini nəzərdə tutan hökumətlərarası sazişi imzalayıblar.

Bu barədə "ECOWAS"ın rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

Təxminən 6 min kilometr uzunluğunda olacaq qaz kəmərinin Atlantik okeanı sahili boyunca yerləşən 13 Afrika ölkəsindən keçərək milyardlarla kubmetr Nigeriya qazını Mərakeşə nəql etməsi planlaşdırılır. Daha sonra bu kəmərin Məğrib–Avropa (GME) qaz kəmərinə qoşulması nəzərdə tutulur.

"ECOWAS"a sədrlik edən Sierra Leone Prezidenti Julius Maada Bio çıxışı zamanı bildirib: "Biz Qərbi Afrika–Mərakeş qaz kəməri ilə bağlı sazişi imzaladıq. Qaz sizin ölkələrinizə çatanda təəccüblənməyin".

Layihə Qərbi Afrikanın qaz ehtiyatlarını regionun əsas istehlak mərkəzləri ilə əlaqələndirməyi, Afrika enerji bazarlarının inteqrasiyasını gücləndirməyi və Qərbi Afrika, Sahel ölkələri, Mərakeş və Avropanı birləşdirən yeni inkişaf dəhlizi yaratmağı hədəfləyir.

Mərakeşin Milli Karbohidrogenlər və Mədənlər İdarəsi (ONHYM) ilə Nigeriyanın Milli Neft Şirkətinin (NNPC) birgə bəyanatına əsasən, Fritaun sammitində əldə olunan razılaşma layihənin növbəti mərhələsinə keçid üçün mühüm addımdır. Növbəti mərhələdə baş ofisi Mərakeşin Kasablanka şəhərində yerləşəcək layihə şirkətinin və mənzil-qərargahı Nigeriyanın paytaxtı Abuja şəhərində olacaq qaz kəmərinin idarəetmə qurumunun yaradılması, investorların cəlb edilməsi və yekun investisiya qərarının hazırlanması nəzərdə tutulur.

ONHYM-dəki mənbənin məlumatına görə, tikinti işlərinə 2028-ci ildə başlanması, ilk qaz tədarükünün isə 2031-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Layihə ideyası ilk dəfə 2016-cı ildə Mərakeş Kralı VI Məhəmmədin Abuja səfəri zamanı irəli sürülmüşdü. Məqsəd Afrika ölkələri ilə iqtisadi və enerji əməkdaşlığını genişləndirmək idi.

Layihənin ümumi dəyərinin təxminən 23 milyard avro olacağı qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti