Bakı. Trend:
Ötən gecə yerli vaxtla 02:35 radələrində ABŞ-nin İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz şəhəri ətrafına hücumunda 1 nəfər ölüb.
Bunu İranın Şərqi Azərbaycan vilayəti valiliyinin Fövqəladə Hallar üzrə İdarəsinin baş direktoru Məcid Fərşi deyib.
“ABŞ-nin ötən gecə Təbriz şəhərinin cənub qərbindəki bölgəyə hücumunda bir nəfər ölüb və bir neçə nəfər yaralanıb”, - deyə o bildirib.
Fərşi əlavə edib ki, Təbriz şəhərində eşidilən partlayış səsi də məhz həmin hərbi hava hücumu ilə əlaqədardır.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 20 iyulda yaydığı məlumatda İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırdığını bildirib.
