Bakı. Trend:
Qanvermə və hemotransfuziya müasir tibbin ən vacib istiqamətlərindən biridir. Hər gün minlərlə insanın həyatını xilas edən bu proseslər həm yüksək peşəkarlıq, həm də düzgün təşkil olunmuş sistem tələb edir. Qan komponentlərinin düzgün seçilməsi, donorluğun təhlükəsiz təşkili və cəmiyyətdə doğru məlumatlandırmanın aparılması bu sahənin əsas sütunlarını təşkil edir.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının anestezioloq-reanimatoloqu Gülarə Bədəlova mövzu ilə bağlı sualları cavablandırıb.
– Qan komponentlərinin düzgün seçilməsi və istifadə olunması həyat qurtarmaqda necə rol oynayır?
– Qan komponentlərinə eritrosit kütləsi, trombosit, leykosit və
plazma aiddir. Ən çox istifadə olunan komponent eritrosit
kütləsidir. Bu komponent hemoqlobinin kritik azalması, massiv qan
itkisi, kəskin və xroniki anemiyalarda istifadə olunur. Eritrosit
transfuziyası toxumalara oksigen daşınmasını bərpa etmək məqsədi
daşıyır.
Trombosit konsentratı aktiv qanaxma və yüksək qanama riski olan
xəstələrdə, trombositopeniyalarda tətbiq olunur. Onkohemotoloji
xəstələrdə və kimyaterapiyadan sonra trombosit transfuziyası daha
önəmlidir.
Təzə dondurulmuş plazma laxtalanma faktorlarının
çatışmazlığında, qaraciyər çatışmazlığında istifadə olunur.
Hər bir qan komponentinin köçürülməsi klinik və laborator
göstəricilərə əsaslanır. Qan komponentlərinin düzgün istifadəsi və
seçilməsi həyat qurtarmaqda həlledici rol oynayır. Qan
komponentlərinin göstərişə uyğun olaraq düzgün təyini transfuziya
fəsadlarının riskini azaldır. Düzgün istifadə çoxorqan
çatışmazlığının inkişaf riskini minimuma endirir.
– Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək və yan təsirləri minimuma endirmək üçün hansı profilaktik tədbirlər görülür?
– Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək üçün bir sıra profilaktik tədbirlər həyata keçirilir. Qanvermədən əvvəl donor sorğu vərəqəsinin suallarını cavablandırır. Sonra tibbi müayinədən keçirilir. Hemodinamik göstəricilər - arterial təzyiq, nəbz, bədən temperaturu, çəki, boy, hemoqlobin səviyyəsi yoxlanılır. Sağlamlıq vəziyyəti və əks göstərişləri qiymətləndirilir. Qan donoru sağlam və uyğun şəxslər ola bilər. Qanvermə prosesi tam steril şəraitdə aparılır. Yalnız birdəfəlik və steril alətlərdən istifadə olunur. Qan verən zaman donorun vəziyyəti daim müşahidə edilir. Hansısa yan təsir nəzərə çarpanda dərhal müdaxilə edilir. Qanvermədən sonra donor müəyyən müddət nəzarət altında saxlanılır. Donora bol maye qəbulu və istirahət tövsiyə olunur. Qan nümunələri infeksion markerlərə görə laborator yoxlamadan keçirilir. Bu tədbirlər donorun və resipiyentin sağlamlığının qorunmasına və prosesin təhlükəsiz aparılmasına xidmət edir.
– Qanvermə ilə bağlı ən çox yayılan miflər hansılardır?
– Qanvermə ilə bağlı cəmiyyətdə ən çox yayılan miflər insanların donor olmağa tərəddüd etməsinə səbəb olur. Bu miflərin əksəriyyəti elmi əsaslara söykənmir və düzgün məlumatlandırma ilə asanlıqla aradan qaldırıla bilər. Ən geniş yayılmış miflərdən biri qanvermənin sağlamlığa zərər vurması fikridir. Əslində isə sağlam insan üçün qanvermə təhlükəsizdir və orqanizm itirilən qan həcmini qısa müddətdə bərpa edir. Donor yalnız tibbi müayinədən keçdikdən sonra qan verir və bu, risklərin qarşısını alır.
Digər geniş yayılmış mif qanvermə zamanı infeksiyaya yoluxma qorxusudur. Müasir qan xidmətində bütün alətlər birdəfəlik və sterildir. Bu səbəbdən qanvermə zamanı hansısa yoluxucu xəstəliyin keçməsi mümkün deyil. Bu mif daha çox köhnə və yanlış təsəvvürlərdən qaynaqlanır.
Bəzi insanlar düşünürlər ki, qan verən şəxs uzun müddət zəif və halsız olur. Reallıqda isə düzgün qidalanma və kifayət qədər maye qəbulu ilə donorlar tez bir zamanda özlərini normal hiss edirlər. Qan verdikdən sonra tövsiyələrə əməl edildikdə gündəlik həyata qayıtmaq asan olur.
Başqa bir mif qanvermənin asılılıq yaratması ilə bağlıdır. Yəni
guya bir dəfə qan verən insan daim qan verməyə məcbur qalır. Bu
fikir tamamilə yanlışdır. Qanvermə könüllü prosesdir və orqanizmdə
hansısa asılılıq yaratmır.
Həmçinin belə bir yanlış fikir də var ki, qadınlar və ya zəif bədən
quruluşlu insanlar qan verə bilməzlər. Əslində isə əsas meyar cins
və bədən quruluşu deyil, ümumi sağlamlıq vəziyyətidir. Bu miflərin
aradan qaldırılması qanvermə mədəniyyətinin inkişafına və daha çox
insanın bu xeyirxah addıma qoşulmasına töhfə verir.
Ən çox rast gəlinən yanlış inanclardan biri də qanvermə prosesinin gigiyenik baxımdan riskli olması ilə bağlıdır. Bəzi insanlar hesab edirlər ki, bu zaman orqanizmə infeksiya keçmə ehtimalı var. Halbuki, qan xidmətində infeksiyadan müdafiə şərtlərinə ciddi şəkildə əməl edilir, bütün prosedurlar beynəlxalq standartlara uyğun aparılır və istifadə olunan tibbi vasitələr yalnız bir dəfə tətbiq edilir. Bu səbəbdən qanvermə infeksiya mənbəyi deyil və bu düşüncə elmi əsaslara deyil, köhnə qorxulara söykənir.
– Qan verməkdə tərəddüd edən insanlara nə tövsiyə edərdiniz?
– Qan verməkdə tərəddüd edən insanlar üçün əsas tövsiyə ilk
növbədə düzgün və etibarlı məlumatlara əsaslanaraq qərar
vermələridir. Qanvermə prosesi tibbi baxımdan təhlükəsizdir və
müasir standartlara uyğun şəkildə həyata keçirilir. Donor
olmamışdan əvvəl hər bir şəxs həkim müayinəsindən keçirilir,
hemoqlobin səviyyəsi, arterial təzyiq və ümumi sağlamlıq vəziyyəti
qiymətləndirilir. Bu da həm donorun, həm də resipiyentin
təhlükəsizliyini təmin edir.
Unutmaq olmaz ki, bir nəfərin verdiyi qan bir neçə xəstənin
həyatını xilas edə bilər. Qanvermə yalnız humanitar addım deyil,
həm də cəmiyyət qarşısında sosial məsuliyyət nümunəsidir. Əgər
tərəddüdünüz varsa, Səhiyyə Nazirliyi Respublika Qan Bankının
həkimləri ilə açıq şəkildə məsləhətləşin, suallarınızı verin və
proseslə yaxından tanış olun. Məlumatlılıq qanverməyə olan qorxunu
azaldır və bu xeyirxah addımı atmağı asanlaşdırır.
– Könüllü və mütəmadi qanvermə praktikasının ölkənin qan təhlükəsizliyi üçün rolu nədən ibarətdir?
– Könüllü və mütəmadi qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının elmi cəhətdən sübut olunmuş ən effektiv modelidir. Beynəlxalq tədqiqatlar göstərir ki, könüllü və əvəzsiz donorlar arasında transfuzion yolla keçən infeksiyaların yayılma riski təsadüfi və ya məcburi donorlarla müqayisədə xeyli aşağıdır. Bunun əsas səbəbi bu donorların sağlam həyat tərzinə daha çox diqqət yetirməsi və riskli davranışlardan uzaq olmasıdır.
Mütəmadi qan verən şəxslər hər dəfə klinik baxışdan və laborator
müayinələrdən keçdiyinə görə onların sağlamlıq göstəriciləri
davamlı şəkildə qiymətləndirilir. Bu proses həm donorun
sağlamlığının qorunmasına, həm də qan banklarına daxil olan qan
komponentlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Elmi
əsaslara görə, stabil donor bazası olan ölkələrdə qan
ehtiyatlarının təhlükəsizliyi və davamlılığı daha yüksək səviyyədə
təmin olunur.
Könüllü və mütəmadi qanvermə fövqəladə hallarda, böyük cərrahi
əməliyyatlarda, ağır travmalarda, doğuş və onkoloji xəstəliklərin
müalicəsində fasiləsiz qan təminatını mümkün edir. Planlı və
davamlı qan ehtiyatı səhiyyə sisteminin operativliyini artırır və
ölüm hallarının azalmasına birbaşa təsir göstərir.
Eyni zamanda, bu praktika Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq ölkənin milli qan təhlükəsizliyi strategiyasının əsas istiqamətlərindən biri hesab olunur. Nəticə etibarilə, könüllü və mütəmadi qanvermə yalnız humanist bir addım deyil, elmi əsaslara söykənən, həyat xilas edən və cəmiyyətin sağlamlığını qoruyan fundamental bir səhiyyə mexanizmidir.
