Şuşada ilk açıq hava kitabxanası istifadəyə verilib

Cəmiyyət Materials 19 İyul 2026 12:54 (UTC +04:00)
Şuşada ilk açıq hava kitabxanası istifadəyə verilib

Bakı. Trend:

Vaqif Poeziya Günləri çərçivəsində Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində “Kitab dayanacağı” – ilk açıq hava kitabxanası istifadəyə verilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.

Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə - "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub. Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.

Vahid Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti