...

Rafael Qrossi İranda nüvə ilə bağlı eskalasiyanın qarşısının alınması üçün tərəfləri diplomatiyaya çağırıb

Dünya xəbərləri Materials 2 Mart 2026 14:09 (UTC +04:00)
Rafael Qrossi İranda nüvə ilə bağlı eskalasiyanın qarşısının alınması üçün tərəfləri diplomatiyaya çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) son hərbi əməliyyatlar fonunda İran və Yaxın Şərq ölkələrində nüvə obyektlərinin təhlükəsizliyini diqqətlə izləyir.

Trend xəbər verir ki, bu barədə BAEA baş direktoru Rafael Qrossi İdarə heyəti şurasının iclasında səsləndirdiyi bəyanatda bildirib.

“Agentlik öz mandatına uyğun olaraq dərhal reaksiya verib və diqqətini hərbi əməliyyatlar nəticəsində yarana biləcək radioloji fövqəladə hallara yönəldib”, – deyə Qrossi qeyd edib.

O təsdiqləyib ki, BAEA-nin İnsidentlər və Fövqəladə Hallar Mərkəzi (IEC) münaqişə səbəbindən rabitə imkanlarının məhdud olmasına baxmayaraq, məlumat toplayaraq vəziyyəti qiymətləndirməyə davam edir.

Bu günə olan vəziyyətə görə, BAEA İranla qonşu ölkələrdə radiasiya səviyyəsinin adi fon göstəricisindən yuxarı qalxmasını qeydə almayıb.

“İrandakı nüvə obyektlərinin vəziyyətinə gəlincə, hazırda heç bir nüvə obyektinin, o cümlədən Buşehr AES-in, Tehran Tədqiqat Reaktorunun və ya yanacaq dövriyyəsi üzrə digər obyektlərin zədələnməsi və ya vurulması ilə bağlı əlamət yoxdur”, – deyə Qrossi qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti