Bakı. Trend:
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin ölümü ilə əlaqədar BMT-nin Baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayıb.
Trend-in məlumatına görə, məktubda qeyd olunub:
“28 fevral 2026-cı il tarixində İranın müstəqilliyi və ərazi bütövlüyünə qarşı yeni aqressiv, təxribat xarakterli və tamamilə əsassız hərəkətlər çərçivəsində Amerika Birləşmiş Ştatları və İsrail BMT-yə üzv dövlətin ali vəzifəli şəxsinə – İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneiyə qəsdən zərbə endiriblər”.
Sənədə əsasən, Tehran bunu BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və beynəlxalq hüququn digər prinsiplərinin, o cümlədən güc tətbiqinin qadağan olunması və dövlətlərin suveren bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirir.
“Yuxarıdakıları nəzərə alaraq və beynəlxalq hüququn kobud şəkildə pozulmasının beynəlxalq sistemin bütövlüyünə təhdid yaratdığı bir şəraitdə İran İslam Respublikası BMT-nin Baş katibini və Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə nizamnamə öhdəliklərini yerinə yetirməyə, həmçinin ABŞ və İsrail rejiminin bu açıq terror aktına görə tam məsuliyyət daşımasını təmin etmək üçün dərhal, konkret və effektiv tədbirlər görməyə rəsmi və qətiyyətlə çağırır”, – deyə Əraqçi yazıb.
İranın xarici işlər naziri, həmçinin məktubun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmasını xahiş edib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
