Bakı. Trend:
Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsinə verdiyi töhfənin əhəmiyyəti artmaqda davam edəcək.
Bunu Energetika və mənzil məsələləri üzrə Avropa Komissiarı Dan Yorgensen martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.
“Bakıda verəcəyim əsas mesaj tərəfdaşlığın davam etdirilməsi və ümumi strateji maraqların mövcudluğu olacaq. Avropa İttifaqı (Aİ) Azərbaycanın sabit və etibarlı tərəfdaşı olaraq qalır və biz enerji sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu çətin dövrdə Azərbaycan Avropaya tədarüklərin şaxələndirilməsində və Rusiya qazından asılılığın azaldılmasında mühüm rol oynayıb. Aİ-də artıq Rusiya qazının idxalına tam qadağa tətbiq olunduğunu nəzərə alsaq, bu töhfənin əhəmiyyəti yalnız artacaq”,- deyə o bildirib.
Avrokomissar qeyd edib ki, Ukraynada müharibənin başlanmasından sonra Xəzər qazı Avropanın Rusiya tədarüklərindən asılılığının kəskin azalmasında mühüm rol oynayıb — Avropanın qaz təchizatı strukturunda bu göstərici 45 faizdən cari ildə təxminən 10 faizə enib.
“Bu, sadəcə statistika deyil - bu, Avropanın enerji təhlükəsizliyi üçün strateji uğurdur. Bununla belə, vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız yalnız qazla məhdudlaşmır. Söhbət həm də “yaşıl keçid"in dəstəklənməsindən gedir, çünki həm Avropa İttifaqı, həm də Azərbaycan elektrikləşməni sürətləndirir, infrastrukturu müasirləşdirir və Paris Sazişinə sadiqliyini qoruyur. Bu, iqtisadiyyatlarımız və enerji gələcəyimiz üçün qarşılıqlı fayda yaradır”,- deyə Yorgensen qeyd edib.
Aİ komissarı Azərbaycanla enerji əməkdaşlığı çərçivəsində əldə olunan uğurları də xatırladıb.
“İlk növbədə, birlikdə artıq nələrə nail olduğumuzu qeyd etmək vacibdir. Son illərdə biz Azərbaycan qazının Avropaya ixracını əhəmiyyətli dərəcədə artırmışıq — bu gün Avropa Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını satın alır. Bu, səmərəli enerji tərəfdaşlığının göstəricisidir.
Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilk genişləndirilməsi həyata keçirildi — illik əlavə 1,2 milyard kubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaz tədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz: Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib. Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərinin başlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu, real və hiss olunan artımdır”, — deyə o bildirib.
Yorgensen vurğulayıb ki, gələcəkdə əlavə genişləndirmələr bazar qiymətləri və tələblə uyğunlaşdırılmalıdır.
“Aİ artıq öz büdcəsi hesabına beynəlxalq qaz infrastrukturu layihələrini maliyyələşdirmir. Dəhlizin gələcək genişləndirilməsi kommersiya investisiyalarına əsaslanmalı və mümkün beynəlxalq maliyyə institutlarının maliyyələşdirilməsi ilə tamamlanmalıdır”, — deyə o əlavə edib.
Aİ komissarı həmçinin bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd edib.
“Qara dəniz üzrə strategiyamız çərçivəsində nəqliyyat, rəqəmsal və enerji infrastrukturları arasında əlaqələrin gücləndirilməsi məqsədilə "Əlaqəlilik Gündəliyi"ni irəli aparırıq. Mən bu regionda elektroenergetika və bərpa olunan enerji sahəsində böyük potensial görürəm. Elektrik enerjisi sistemlərinin əlaqələndirilməsi enerji sisteminin xərclərinin azaldılması, daha çox bərpa olunan enerji mənbələrinin inteqrasiyası, eləcə də elektrik enerjisinin ikitərəfli axını və ticarətinin təmin olunması baxımından son dərəcə vacibdir. Biz milli enerji sistemlərini gücləndirmək və regionda strateji ikitərəfli ötürücü interkonnektorlar yaratmaq istəyirik. Bu, regional elektrik enerjisi ticarətini artıracaq və region üzrə paylanmış bərpa olunan enerji mənbələrindən maksimum səmərə ilə istifadəni təmin edəcək”.
Azərbaycan və qonşu ölkələrlə bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və enerji şəbəkələri sahəsində dərinləşdirilmiş əməkdaşlıq üçün böyük potensial mövcuddur. Avropa şirkətləri öz texnologiyalarını, maliyyə imkanlarını və təcrübələrini tətbiq etmək üçün imkanlar axtarırlar. Cənubi Qafqaz “təmiz” texnologiyalara investisiya üçün əsas məkanlardan birinə çevrilə bilər. Hökumətlər, maliyyə institutları və özəl sektor bunu gerçəkləşdirmək üçün birgə fəaliyyət göstərə bilərlər. Aİ tərəfi olaraq biz əlavə dəstəyi, o cümlədən zəmanətlərin səfərbər edilməsi, qarışıq maliyyələşdirmə alətləri və tənzimləyici dəstək imkanlarını nəzərdən keçirməyə hazırıq”, — deyə o aydınlaşdırıb.
Yorgensen vurğulayıb ki, enerji təhlükəsizliyi ilə iqlim dəyişikliklərinə qarşı mübarizə bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır.
“Avropa enerji müstəqilliyi yolunda irəliləmək niyyətindədir. Bu yanaşma həm ölkədaxili səviyyədə bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin fəal inkişafını, həm də etibarlı tərəfdaşlarla əməkdaşlıq vasitəsilə enerji tədarüklərinin şaxələndirilməsini nəzərdə tutur. Aİ-də Rusiya qazının idxalına qadağanın tətbiqi ilə biz Rusiya tədarüklərindən asılılığı sürətlə azaldırıq və qaz idxalının şaxələndirilməsi prioritet olaraq qalır. Eyni zamanda, xarici asılılıqlardan qaynaqlanan qiymət şoklarına qarşı dayanıqlılığı artırmaq məqsədilə enerji interkonnektorlarını gücləndirir və bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndiririk.
Bu yaxınlarda Aİ 2040-cı ilədək emissiyaların 90 faiz azaldılması hədəfini təsdiqləyib. Bu, “təmiz” enerjiyə keçidə və 2050-ci ilədək iqlim neytrallığına nail olmaq istiqamətində qətiyyətli öhdəliyimizi bir daha nümayiş etdirir. Avropada biz göstəririk ki, iqlim tədbirləri ilə rəqabətə davamlılıq paralel şəkildə inkişaf edə bilər: biz emissiyaları azaldır, eyni zamanda iqtisadiyyatı inkişaf etdiririk. Mən digər iqtisadiyyatları da karbonsuzlaşdırma üzrə öhdəliklərini yerinə yetirmək, enerji təhlükəsizliyini və rəqabət qabiliyyətini gücləndirmək üçün eyni yolu tutmağa çağırıram”, — deyə o bildirib.
Avropa komissarı qeyd edib ki, cari və gələn il ərzində Rusiya qazından tam imtina Aİ-nin enerji müstəqilliyinə nail olmaq strategiyasının əsas elementlərindən biri olacaq.
“Bu strategiya çərçivəsində biz qaz tədarüklərini şaxələndirməyə davam edəcək, eyni zamanda bərpa olunan enerji mənbələrinin tətbiqini sürətləndirəcəyik. Bununla yanaşı, enerji interkonnektorlarının potensialını tam reallaşdırmağa və həqiqətən inteqrasiya olunmuş Avropa enerji bazarı formalaşdırmağa çalışırıq. Bu məqsədlə transsərhəd interkonnektorların gücləndirilməsi və genişləndirilməsi, infrastrukturda mövcud boşluqların aradan qaldırılması və daxili enerji bazarının fəaliyyətinin təkmilləşdirilməsi üzərində işləyirik ki, enerji ən çox ehtiyac duyulan istiqamətlərə səmərəli şəkildə yönləndirilsin.
Biz həmçinin enerji sistemimizin yeni təhdidlərə — kibertəhlükələrə, fiziki risklərə və iqlim dəyişikliklərinin yaratdığı çağırışlara — hazırlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirəcəyik. Qısaca desək, idxal olunan fosil yanacaqlardan struktur asılılığını azaltmaq və bazar inteqrasiyasını gücləndirməklə sistemimizi daha dayanıqlı etməyə, vətəndaşları və biznesi daha “təmiz” və daha ucuz enerji ilə təmin etməyə çalışırıq”, — deyə Yorgensen yekunlaşdırıb.
