...

Azərbaycanda bank riskləri tənzimləmənin modernləşdirilməsi üzrə təşəbbüslər sayəsində azalıb -"S&P"

İqtisadiyyat Materials 2 Mart 2026 17:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bankları 2016-cı ildən etibarən sabit maliyyələşmə profili nümayiş etdirir.

Bu barədə Trend “S&P Global Ratings”ə istinadən xəbər verir.

“Sektorun maliyyə institutları üzrə tənzimləmə və nəzarətin modernləşdirilməsinə yönəlmiş təşəbbüslər sayəsində Azərbaycanda bank risklərinin azaldığını hesab edirik. Bu təşəbbüslər son üç il ərzində 2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində həyata keçirilib. Həmin tədbirlər sırasına risklərin qiymətləndirilməsinə əsaslanan nəzarət modelinə keçid, 2026-cı ildə Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (MHBS-9) tətbiqi və son iki ildə korporativ idarəetmə standartlarının gücləndirilməsi daxildir. Depozit bazasının artımı nəticəsində Azərbaycan bankları 2016-cı ildən etibarən sabit maliyyələşmə profili nümayiş etdirir. Depozitlərin dollarlaşma səviyyəsi tədricən regional analoqların səviyyəsinədək azalsa da, hələ də kreditlərin dollarlaşmasından xeyli yüksək olaraq qalır ki, bu da bankların xarici valyutada aktivləri və öhdəlikləri arasında valyuta uyğunsuzluqları yaradır”, - S&P hesabatında qeyd olunur.

Agentlik vurğulayır ki, iqtisadi risklər üzrə müsbət dinamika 2026-cı ildə riskəsaslı nəzarətə keçid və tənzimləyici nəzarətin gücləndirilməsi nəticəsində kredit risklərinin azalacağına dair gözləntiləri əks etdirir.

“Tənzimləyici artıq 2024–2025-ci illərdə bankların riskə meylliliyini məhdudlaşdırmaq, kreditləşmə və anderraytinq standartlarını sərtləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirib. Hesab edirik ki, MHBS-9-a keçiddən sonra tənzimləyici və prudensial hesabatlılıq üzrə formalaşan artıq ehtiyatlar sərbəst buraxılmayacaq. Karbohidrogen qiymətlərinin əhəmiyyətli dərəcədə azalması və bunun iqtisadiyyata təsiri, o cümlədən real iqtisadi artımın zəifləməsi, şirkətlərin və ev təsərrüfatlarının ödəmə qabiliyyətinin pisləşməsi - halında iqtisadi risklər üzrə proqnozu sabit səviyyəyə dəyişə bilərik. Eyni zamanda kreditləşmənin və daşınmaz əmlak qiymətlərinin sürətli artımı iqtisadi disbalanslar vasitəsilə riskləri artıra bilər”,- hesabatda bildirilir.

S&P qeyd edir ki, sektor riskləri üzrə sabit tendensiyada artıq son üç ildə tənzimləmə və nəzarətin sərtləşdirilməsini, bankların sabit maliyyələşmə profilini, həmçinin bazarda yeni iştirakçılar tərəfindən aşağı rəqabət təhdidi fonunda üç ən iri oyunçunun dominant mövqeyi nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti