Bakı. Trend:
Müasir dövrdə immun sistemi ilə bağlı kifayət qədər məlumat olsa da, bu sahədə elmi əsaslara söykənən düzgün yanaşma xüsusilə vacibdir. İmmunitetin “gücləndirilməsi” ilə bağlı geniş yayılmış fikirlərin fonunda əsl tibbi həqiqətlər nələrdir? İmmun sistemi necə işləyir, onun zəifləməsi hansı hallarda real problem sayılır və laborator analizlər nə zaman tələb olunur?
Trend bu suallara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov ilə müsahibəni təqdim edir. Mütəxəssis immun sisteminin əsas funksiyalarını, anadangəlmə və qazanılmış immunitetin fərqlərini, eləcə də immun zəifliyi ilə bağlı doğru və yanlış yanaşmaları izah edir.
- İmmun sisteminin əsas funksiyası nədir?
– İmmun sisteminin əsas funksiyası orqanizmi yad və potensial
zərərli təsirlərdən qorumaqdır. Bunlara bakteriyalar, viruslar,
göbələklər, parazitlər və şiş hüceyrələri daxildir. Müasir tibbi
yanaşmada immun sistemi təkcə infeksiyalara qarşı mübarizə aparan
mexanizm kimi deyil, eyni zamanda daxili nəzarət və tarazlıq
sistemi kimi qəbul edilir. O, yad antigenləri tanıyır, onları
zərərsizləşdirir, zədələnmiş və mutasiyaya uğramış hüceyrələri
aradan qaldırır və gələcəkdə eyni patogenlə qarşılaşdıqda daha
sürətli cavab vermək üçün immun yaddaşı formalaşdırır. Bir sözlə,
immun sistemi vasitəsilə biz xəstəliklərdən qorunuruq.
İctimai sağlamlıq sahəsində infeksiyaların monitorinqi və nəzarəti
ilə məşğul olmaq,immun sistemini həm fərdi, həm də cəmiyyət
səviyyəsində əsas qoruyucu amilə çevirir.Bu yanaşma xüsusilə
peyvənd proqramları və epidemioloji nəzarət strategiyalarında öz
əksini tapır.
– Anadangəlmə immunitet nədir?
– İmmun sistemi funksional baxımdan iki əsas hissədən ibarətdir və bunlar bir-biri ilə sıx əlaqədə işləyir. Onlardan biri anadangəlmə immunitet, digəri isə qazanılmış immunitetdir.
Anadangəlmə immunitet insanın doğulduğu andan mövcud olan
müdafiə mexanizmidir və qeyri-spesifik xarakter daşıyır. Bu o
deməkdir ki, sistem konkret bir mikroorqanizmə qarşı deyil, ümumi
təhlükələrə qarşı reaksiya verir. O, orqanizmin ilk müdafiə xətti
hesab olunur və çox qısa müddət ərzində aktivləşir.
Bu müdafiə mexanizminə dəri və selikli qişalar kimi fiziki
maneələr, mədə turşusu və müxtəlif fermentlər kimi kimyəvi
baryerlər, eləcə də neytrofillər, makrofaqlar və təbii killer
hüceyrələri kimi hüceyrəvi komponentlər daxildir. Komplement
sistemi də bu mexanizmin mühüm hissəsidir və patogenlərin
zərərsizləşdirilməsində iştirak edir. Anadangəlmə immunitet sürətli
və effektiv ilkin cavab təmin edir.
– İmmunitet zəifliyini göstərən əsas laborator analiz və testlər varmı?
– İmmunitet zəifliyi anlayışı tibbdə dəqiq meyarlara əsaslanır və yalnız subyektiv şikayətlər əsasında qiymətləndirilmir. Xəstədən tam anamnez topladıqdan sonra müayinələr əsasında qərar verilir. Ən sadə ilkin müayinə tam qan analizidir. Bu analiz leykositlərin ümumi sayını və onların diferensial paylanmasını göstərir. Leykositlərin aşağı və ya yuxarı olması immun sistemində funksional pozğunluğa işarə edə bilər.
İmmunoqlobulinlərin səviyyəsinin təyini də vacibdir. IgG, IgA və
IgM səviyyələrinin aşağı olması humoral immun çatışmazlıq
göstəricisi ola bilər. Limfosit dəyərləri də xüsusi əhəmiyyət
daşıyır. Komplement sisteminin komponentləri də qiymətləndirilə
bilər. Klinik vəziyyətdən asılı olaraq əlavə genetik testlər tətbiq
olunur.
Laborator nəticələr hər zaman klinik tablo ilə birlikdə
dəyərləndirilir. Məsələn, vitamin D səviyyəsinin aşağı olması
avtomatik olaraq ciddi immun çatışmazlıq demək deyil və klinik
əlamətlərlə uzlaşdırılmalıdır.
– İmmunitet zəifliyinin simptomları nələrdir?
– İmmun sisteminin zəifliyi özünü ən çox təkrarlayan və ağır
gedişli infeksiyalarla göstərə bilər. Xüsusilə tez-tez baş verən
respirator infeksiyalar, təkrarlanan pnevmoniyalar və uzunmüddətli
antibiotik ehtiyacı diqqət çəkir. Göbələk infeksiyalarının davamlı
xarakter alması, yaraların gec sağalması və səbəbi izah olunmayan
xroniki yorğunluq da mümkün əlamətlərdəndir.
Uşaqlarda böyümə və inkişaf geriliyi də immun çatışmazlıqdan
şübhələnməyə əsas verə bilər.
İmmun çatışmazlıqlar genetik mənşəli ola bilər. Digər hallarda isə kimyaterapiya, metabolik pozğunluqlar, ağır qidalanma çatışmazlığı və ya xroniki stress nəticəsində ikincili immun çatışmazlıq inkişaf edə bilər.
– Sağlam qidalanma immuniteti gücləndirirmi?
– Sağlam və balanslı qidalanma immun sisteminin normal fəaliyyəti üçün vacibdir, lakin onu gücləndirən vasitə kimi qəbul etmək düzgün deyil. İmmun hüceyrələrin və anticisimlərin sintezi üçün kifayət qədər zülal və uyğun vitamin və mikroelement qəbulu zəruridir.
Liflə zəngin qidalar bağırsaq sağlamlığını dəstəkləyir və immun sistemin tənzimlənməsində mühüm rol oynayır.
Sağlam insanlarda əlavə vitamin və mineral qəbulunun immun sistemini gücləndirdiyinə aid sübutlar mövcud deyil. Lakin real çatışmazlıq aşkar edildikdə onun korreksiyası vacibdir və bu, immun funksiyanın normallaşmasına kömək edə bilər.
İmmun sistemi mürəkkəb və çoxsəviyyəli müdafiə mexanizmidir. O, patogenlərlə mübarizə aparır, hüceyrə nəzarətini təmin edir və immun yaddaşı formalaşdırır. Anadangəlmə immunitet sürətli və qeyri-spesifik müdafiə təmin edir. Qazanılmış immunitet isə spesifik və uzunmüddətli qoruma yaradır. İmmunitet zəifliyi yalnız klinik və laborator meyarlarla təsdiqlənə bilər və sağlam həyat tərzi, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarə olunması immun sağlamlığın qorunmasında mühüm rol oynayır.
