Bakı. Trend:
Argentina və İspaniya arasında keçiriləcək Finalissima oyunu Yaxın Şərqdəki münaqişə səbəbindən baş tutmaya bilər.
Trend xəbər verir ki, “Copa America 2024” və “AVRO 2024”ün qalibləri arasındakı matç 27 mart tarixində Qətərdə keçirilməlidir.
Hazırda bu körfəz dövləti ABŞ və İsrailin hücumlarına cavab olaraq İran tərəfindən hədəf alınan ABŞ hərbi bazalarına ev sahibliyi edir. Regionda artan gərginlik səbəbindən təhlükəsizlik məsələləri əsas müzakirə mövzusuna çevrilib.
FİFA isə Qətərdə bütün idman tədbirlərinin müvəqqəti dayandırılması ilə bağlı yayılan məlumatlara baxmayaraq, hələlik rəsmi qərarın verilmədiyini açıqlayıb.
Finalissima ilə bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir. 27 mart tarixində planlaşdırılan oyunun baş tutmaması ehtimalının yüksək olduğu bildirilir.
