Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanla İsrail arasında ticarət əməliyyatlarının həcmi 4,202 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,653 milyon ABŞ dolları və ya 2,3 dəfə azdır.
Bu ilin yanvar ayında Azərbaycandan İsrailə 1,717 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,431 milyon ABŞ dolları və ya 4,7 dəfə azdır.
Hesabat dövründə İsraildən Azərbaycana isə 2,485 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 778 min ABŞ dolları və ya 45,6% artım deməkdir.
2025-ci ildə isə Azərbaycanla İsrail arasında ticarət əməliyyatlarının həcmi 2024-cü ildəki göstərici ilə müqayisədə 9,8 dəfə azalaraq 78,040 milyon ABŞ dolları təşkil edib.
Belə ki, dövr ərzində Azərbaycandan İsrailə 25,4 milyon dollarlıq (illik müqayisədə 28,8 dəfə az) ixrac, 52,6 milyon dollarlıq (illik ifadədə 65,9% çox) isə idxal əməliyyatları həyata keçirilib.
Ticarət əməliyyatlarının bu qədər azalmasının səbəbi isə hesabat ilində Azərbaycandan İsrailə neft məhsulları ixracının qeydə alınmaması ilə bağlıdır. Belə ki, 2024-cü ildə Azərbaycandan sözügedən ölkəyə 713,3 milyon ABŞ dolları dəyərində 1,173 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilmişdisə, 2025-ci ildə bəhs edilən məhsulların ixracı qeydə alınmayıb. Bu isə yekunda ticarət dövriyyəsində azalmaya səbəb olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard dollar və ya 30,5% azdır.
Xarici ticarət dövriyyəsinin 2,236 milyard ABŞ dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 802 milyon dollar və ya 26,4%, idxal isə 750 milyon dollar və ya 36,5% azalıb.
Yekunda xarici ticarətdə 933,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.
