Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) xarici valyutada olan aktivlərinin 2029-cu ilə qədər ölkənin xarici borcunu üstələyəcəyi gözlənilir.
Bu barədə Trend “S&P Global Ratings” agentliyinə istinadən xəbər verir.
“Azərbaycanın xarici balansı və xalis fiskal mövqeyi ölkənin ən güclü kredit göstəriciləri sırasında qalmaqdadır. Bu, SOFAZ-da toplanmış əhəmiyyətli valyuta aktivləri hesabına təmin olunur və həmin aktivlərin 2029-cu ilə qədər xarici borcu üstələyəcəyi gözlənilir. Bu ehtiyatlar xarici şoklara qarşı mühüm qoruyucu rol oynayır”, – hesabatda qeyd olunur.
“S&P”-nin proqnozuna görə, dövlət sektorunun konsolidə olunmuş xalis mövqeyi SOFAZ-da vəsaitlərin toplanmasının davam etməsi və dövlət borcunun aşağı səviyyədə qalması hesabına 2028-ci ilə qədər ÜDM-in 50 faizindən yuxarı səviyyədə qalacaq.
“Gözləntilərimizə görə, cari əməliyyatlar hesabı 2025–2028-ci illərdə orta hesabla ÜDM-in təxminən 3 faizi səviyyəsində qalacaq və karbohidrogen hasilatının sabitləşməsi, həmçinin investisiya tələbatı ilə paralel idxalın artması fonunda 2028-ci ilə doğru kiçik kəsirə keçəcək. Neftin baza qiyməti üzrə proqnozumuz 2026-cı ildə bir barel üçün 60 dollar, 2027–2028-ci illərdə isə bir barel üçün 65 dollar təşkil edir”, – hesabatda bildirilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 14 milyard ABŞ dolları və ya 19,8% artaraq 85,1 milyard ABŞ dollarına çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ildə 5,1% artaraq ilin sonunda 11,5 milyard ABŞ dollarına çatıb.
Ölkənin ümumi strateji valyuta ehtiyatları beynəlxalq səviyyədə tanınmış adekvatlıq standartlarını aşmağa davam edir. Beləliklə, 2025-ci ilin dekabr ayının sonunda strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmət idxalını (2025-ci ilin ilk doqquz ayı üzrə idxal da daxil olmaqla) kifayət qədər əhatə etmişdir. Strateji ehtiyatlar manatla pul kütləsindən 3,6 dəfə çoxdur (1 yanvar 2026-cı il tarixinə M2 pul aqreqatına görə).
Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlığını nümayiş etdirir və həmçinin dövlət borcu risklərinin tamamilə idarəolunan səviyyədə olduğunu göstərir.
