Bakı. Trend:
Prezident İlham Əliyevin "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən məktəblərdə mobil telefondan istifadə qaydaları hazırlanacaq, eyni zamanda sosial mediada yaş məhdudiyyətinin tətbiqi nəzərdə tutulur.
Sənəddə qeyd olunur ki, məqsəd uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsidir. Mütəxəssislər bunu gələcək nəslin sağlam inkişafı naminə atılmış vacib addım kimi qiymətləndirirlər.
Avropa təcrübəsi və tətbiq olunan məhdudiyyətlər
Təhsil eksperti Ramin Nurəliyev mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, rəqəmsallaşmanın ikili təsiri qlobal problemdir:
Onun sözlərinə görə, rəqəmsallaşma, texnoloji inkişaf, müasir avadanlıqlar, süni intellekt və data analitikasının həyatımıza sürətlə daxil olması müsbət tərəflərlə yanaşı, müəyyən zərərləri də üzə çıxarıb:
"Xüsusilə azyaşlı uşaqlara və məktəblilərə mənfi təsiri qaçınılmazdır. Bu istiqamətdə Avropanın bir çox ölkəsində, xüsusilə məktəblilərin mobil telefondan istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Ümumilikdə telefon kimi cihazların orta məktəblərə gətirilməsi bir sıra neqativ hallara yol açır. Məktəbdə baş verən hadisələrin gizli şəkildə videoya çəkilməsi və yayılması həm məktəbin, həm də müəllimin nüfuzuna xələl gətirir. Bu baxımdan, istifadənin məhdudlaşdırılması zəruri hesab olunur".
Psixoloji təsirlər və təhlükəli məzmun
Ekspert qeyd edib ki, elektron cihazlardan qrup şəklində istifadə, psixoloji təsir göstərən oyunların oynanılması və paylaşılması azyaşlılarda psixoloji gərginlik yaradır:
"Bəzi hallarda bu gərginlik ailədaxili problemlərə də səbəb olur. Əxlaqazidd videoların, qısametrajlı materialların, eləcə də uşaqları təhlükəli davranışlara, hətta intihara sürükləyə biləcək oyunların sürətlə yayılması gələcək nəslə ciddi zərər vurur".
Məktəblinin formalaşması və gələcək perspektiv
"Bu günün məktəblisi sabahın vətəndaşıdır. Orta məktəbdə oxuyan azyaşlı hansı psixologiyada böyüyürsə, bu, onun gələcək həyatında da öz əksini tapır. Buna görə də məktəb mühiti yalnız təhsil deyil, həm də sağlam psixoloji inkişaf baxımından qorunmalıdır".
Finlandiya
nümunəsi
Təhsil eksperti vurğulayıb ki, Avropanın inkişaf etmiş ölkələrində bu sahədə tətbiq olunan məhdudiyyətlər artıq nəticə verməyə başlayıb:
"Məsələn, Finlandiyada məktəblərdə telefon istifadəsi qadağan edilib. Ölkənin təhsil naziri mobil telefonların fəsadları ilə bağlı xüsusi konfrans təşkil edib. Konfransda uşaqların telefon istifadəsinin psixoloji təsirləri, zərərli məzmunun yayılması və təhlükəli oyunların artması müzakirə olunub. Aparılan operativ tədbirlər çərçivəsində elektron cihazların – xüsusilə telefon və planşetlərin – məktəblərdə məhdudlaşdırılması, sosial mediada yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarlar qəbul edilib. Bu addımların müsbət nəticələri barədə ictimaiyyətə məlumat verilib və artıq bir neçə ildir ki, bu təcrübə tətbiq olunur".
Adaptasiya prosesi və qərarın əhəmiyyəti
Ramin Nurəliyevin fikrincə, şagirdlərin yeni qaydalara adaptasiyası müəyyən vaxt tələb edə bilər:
"Lakin azyaşlının bu gün necə formalaşması onun gələcəyini müəyyənləşdirir. Bu baxımdan, tətbiq olunan qadağa və məhdudiyyətlər təhsil sahəsində atılmış mühüm və yerində addımlardandır".
Azərbaycanda müşahidə olunan hallar
Təhsil eksperti son illərdə ölkəmizdə məktəblərdə baş verən neqativ hallardan da danışıb:
"Şagirdlər arasında baş verən insidentlərin telefona çəkilərək yayılması, şantaj xarakterli istifadəsi, sosial platformalarda “reklam düşüncəsi” ilə videoların hazırlanması və zərərli oyunların yayılması bir sıra fəsadlara səbəb olub. Bu səbəbdən məktəblərdə telefon istifadəsinin məhdudlaşdırılması zəruri görünür".
Valideyn amili və birgə məsuliyyət
"Finlandiyanın təhsil naziri vurğulayırdı ki, məktəbdə tətbiq
olunan məhdudiyyətlər təkcə təhsil sisteminin deyil, ailələrin də
dəstəyi ilə effektiv ola bilər, çünki uşaq telefonu evdən gətirir.
Bu gün 7-ci sinif şagirdinin əlində son model telefon varsa, onu
valideyn alıb. Ona görə də valideynlərin təşəbbüsə cəlb olunması
daha böyük uğur vəd edir. Təəssüf ki, bəzi hallarda valideynlər
uşağın əlindən telefonu almaqda çətinlik çəkir. Halbuki əsas amil
məhz valideyn mövqeyidir. Valideyn övladının gələcəyini düşünürsə,
həm məktəbə smartfon gətirilməsinin qarşısını almalı, həm də evdə
istifadəyə müəyyən vaxt məhdudiyyəti qoymalıdır.
Yalnız məktəb və ailə birgə məsuliyyət daşıdığı halda bu problemin
effektiv həllinə nail olmaq mümkündür".
Təhsil eksperti Elmin Nuri mövzu ilə bağlı bildirib ki, məktəblərdə telefondan istifadə qaydalarının və sosial mediada yaş məhdudiyyətinin tətbiqi təhsil sisteminin keyfiyyətinin artırılması və uşaqların sağlam inkişafı baxımından son dərəcə vacib addımdır:
Onun sözlərinə görə, Avropa və inkişaf etmiş ölkələrin təcrübəsində artıq uzun müddətdir ki, məktəblərdə telefon qadağası və sosial mediada yaş məhdudiyyəti məsələsi tətbiq olunur:
"Fransa, Almaniya və Böyük Britaniya məktəblərində mobil telefon istifadəsi ilə bağlı xüsusi qərarlar qəbul edilib. Xüsusilə Fransada məktəblərdə telefondan istifadə ümumiyyətlə ləğv olunub. Rusiya və Türkiyə kimi qonşu dövlətlərdə də bu məsələ ilə bağlı müzakirələr aparılır. Həmin ölkələrdə telefon istifadəsi tam qadağan edilməsə də, ciddi məhdudiyyətlər tətbiq olunur.
Qadağanın əhatə dairəsi və
məqsədi
Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə bu qadağa yalnız adi telefonlara deyil, mobil telefon və digər smart cihazlara da şamil edilir:
"Məqsəd uşaqların psixoloji sağlamlığını qorumaq, onların informasiya xaosunda itmək riskini azaltmaqdır.
Avropa ölkələrindən birində aparılan eksperimentlər göstərib ki, məktəblərdə telefon istifadəsinə qadağa tətbiq edildikdən sonra təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Oxşar nəticələr bir çox digər ölkələrdə də müşahidə olunub".
Telefonun faydası və yaratdığı risklər
Elmin Ruri qeyd edib ki, mobil telefon valideynlərlə əlaqə, internet resurslarına və kitabxanalara çıxış baxımından müəyyən üstünlüklər yaratsa da, digər tərəfdən ciddi problemlərə də səbəb olur:
"Şagird psixologiyası elədir ki, dərs zamanı diqqətin fokuslanması əsas prioritetdir. Mobil telefon isə diqqətin parçalanmasına gətirib çıxarır. Bu, şagirdin enerjisinin, münasibətlər sisteminin, dərs mühitinin, müəllimə və təqdim olunan mövzuya yönəlməsinin qarşısını alır".
Diqqət problemi və psixoloji təsir
Ekspertin fikrincə, telefondan istifadənin tənzimlənməsi şagirdlərdə diqqətin cəmlənməsinə müsbət təsir göstərir:
"Özünüidarə mexanizmi tam formalaşmamış bir uşağın dərs zamanı telefona gələn hər hansı mesaj belə diqqətini yayındıra bilər.
Alimlərin araşdırmalarına görə, insan hər hansı işlə məşğul olarkən telefonu götürüb cəmi bir neçə saniyə baxarsa, həmin işə yenidən adaptasiya olmaq üçün ən azı dörd dəqiqə vaxt tələb olunur. Bu göstərici yetkin insanlar üçün belədirsə, şagird psixologiyasının nə qədər həssas olduğunu təsəvvür etmək çətin deyil".
