Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı bölgədə davam edən münaqişəyə son qoymaq üçün müdaxilənin zəruri olduğunu, əks halda bunun bütün region və qlobal təhlükəsizlik üçün ciddi risklər yaradacağını bildirib.
Trend xəbər verir ki, bu fikirləri Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, “Lazımi müdaxilə edilməzsə, bu münaqişə regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq. Nəticədə yaranacaq iqtisadi və geosiyasi qeyri-müəyyənliyə heç kim dözə bilməz. Buna görə də, yanğın daha da yayılmadan əvvəl söndürülməlidir”.
Türkiyə prezidenti vurğulayıb ki, türklər əsrlər boyu İran xalqı ilə yan-yana sülh şəraitində yaşayıblar və gələcəkdə də bu münasibətlər davam edəcək. Onun sözlərinə görə, Ankaranın prioriteti atəşkəsə nail olmaq və dialoq üçün qapı açmaqdır.
Eyni zamanda dövlət başçısı bildirib ki, bu həssas prosesdə aidiyyəti qurumlar Türkiyənin və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görür.
