Bakı. Trend:
2026-cı ilin fevral ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–15 dərəcə), 3 gün normadan aşağı (0–4 dərəcə), 1 gün isə norma daxilində olub. Orta aylıq temperatur 8 dərəcə isti olub ki, bu da iqlim normasından 4 dərəcə yuxarıdır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında fevral ayında maksimal temperatur fevralın 14-də 26 dərəcə isti, bölgələrdə isə (Beyləqan, Kürdəmir) fevralın 18-də 27 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında fevralın 5-də 1 dərəcə şaxta (Bakı), yüksək dağlıq ərazilərdə isə həmin gün 14 dərəcəyədək şaxta (Şahdağ) qeydə alınıb.
“Fevral ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı olub, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 24 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 125 faizi olmaqla Lənkəran–Astara zonasına (Astara – 119 mm) və aylıq normanın 303 faizi olmaqla Qarabağ zonasına (Tərtər – 62 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Şahbuzda 54 sm olub”, - deyə o qeyd edib.
N.Mahmudov bildirib ki, fevral ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı 12 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 23 gün küləkli hava şəraiti müşahidə olunub.
