Bakı. Trend:
Səhiyyə naziri Teymur Musayev ölkədə kadr potensialının inkişafına yönəlmiş təşəbbüslər çərçivəsində IV “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla növbəti görüşünü keçirib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, görüş zamanı səhiyyə sektorunda aparılan
islahatlar, idarəetmədə innovativ yanaşmalar, rəqəmsallaşma prosesi
və insan resurslarının inkişafı məsələləri diqqətə çatdırılıb.
Nazir müsabiqə qalibinin təklif və təşəbbüslərini dinləyərək,
“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar inkişafına dəstəyin
dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu
vurğulayıb.
Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə gənc və
perspektivli kadrların üzə çıxarılması, onların dövlət
idarəçiliyində fəal iştirakının təmin olunması baxımından mühüm
platformadır. O, səhiyyə sahəsində həyata keçirilən yeniliklərdə
peşəkar və təşəbbüskar gənclərin rolunun əhəmiyyətini qeyd
edib.
Görüş çərçivəsində səhiyyə sistemində idarəetmənin
təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və
innovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi
aparılıb.
Sonda nazir “Yüksəliş” müsabiqəsinin qalibinə gələcək fəaliyyətində
uğurlar arzulayıb.
