Bakı. Trend:
Hazırkı durumu nəzərə alaraq İranın dövlət və özəl universitetlərində təhsil alan əcnəbi tələbələr çıxış icazəsi olmadan (pasporta çıxış möhürü vurulmadan) İranı tərk edə bilərlər.
Trend-in məlumatına görə, bunu İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi yanında Tələbələrin Məsələləri üzrə Departamentinin rəhbəri Səid Həbiba yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, əcnəbi tələbələr İranın miqrasiya və pasport idarəsi ilə əldə olunan razılaşma əsasında bütün qanuni quru sərhədlər ilə ölkəni tərk edə bilərlər.
Həbiba qeyd edib ki, hazırkı şəraiti nəzərə alaraq bütün universitetlərdən əcnəbi tələbələrlə əməkdaşlıq etmələri istənilib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
