Bakı. Trend:
"S&P Global Ratings" agentliyi Azərbaycan banklarının növbəti iki il ərzində sabit maliyyələşmə profilini qoruyub saxlayacağını gözləyir.
Bu barədə Trend "S&P"yə istinadən xəbər verir.
“Pərakəndə depozitlərin artımı bankların maliyyələşmə sabitliyini dəstəkləyir. Sistem üzrə kreditlərin əsas müştəri depozitlərinə nisbəti (ev təsərrüfatı depozitlərinin 100%-i və korporativ depozitlərin 50%-i nəzərə alınmaqla) 130%-dən aşağı səviyyədə qalacaq ki, bu da regional analoqlarla müqayisədə əlverişli göstəricidir. 2025-ci ilin sonuna korporativ depozitlər təxminən 56%, qalan hissəni isə pərakəndə depozitlər təşkil edib”,- hesabatda qeyd olunur.
Agentlik həmçinin vurğulayır ki, depozitlərin dollarlaşma səviyyəsi 2015-ci ilin sonundakı 79%-lə müqayisədə 2025-ci ilin sonuna tədricən azalaraq 32%-ə enib.
“Rusiyadan daxil olan diaspor vəsaitləri hesabına Azərbaycanda qeyri-rezident pərakəndə depozitlərin payı 2021-ci ilin sonundakı 3%-dən 2025-ci ilin sonuna 9%-ə (1,5 mlrd AZN) yüksəlib. MDB-nin digər ölkələrində olduğu kimi, uzunmüddətli maliyyələşməyə çıxış məhduddur, buna görə də Azərbaycan banklarının əksəriyyəti daxili resurslara əsaslanmaqda davam edəcək”,- deyə S&P-nin hesabatında vurğulanır.
